İyunun 17-də YARAT Müasir İncəsənət Məkanında tanınmış rəssam, UNESCO nəzdində Beynəlxalq İncəsənət Assosiasiyası, Beynəlxalq Plastik Sənətlər Assosiasiyası və Türkiyənin Bakırköy Rəssamlar Cəmiyyətinin üzvü Lətafət Məmmədova ilə görüş keçirilib. Görüş çərçivəsində rəssamın 30-a yaxın əl işi də nümayiş olunub.
Sual-cavab formatında keçən görüşdə Lətafət Məmmədova sənətə gəldiyi günləri, köhnə Bakını, uşaqlıq illərini xatırlayıb. Bildirib ki, o, rəssamların əhatəsində böyüyüb. Atası ona bir müəllim kimi rəssamlığın bütün sirlərini öyrədib. Bu səbəbdən onun həyatda ən böyük müəllimi atasıdır. İndinin özündə belə emalatxanasında çalışarkən atasının ona öyrətdiyi texnikalardan istifadə edir.
İlk sərgisini xatırlayan Lətafət Məmmədova bildirib ki, 1999-cu ildə Milli İncəsənət Muzeyində fərdi sərgisini açmaq istəyini bildirəndə bunun onun çox çətin bir iş olacağını deyiblər, çünki sərgi rəssam üçün bir imtahandır və yalnız peşəkar rəssamlar bu işin öhdəsindən gələ bilər. Qeyd edib ki, o zamanlar dolğun həyat təcrübəsi olmasa da, o, bu imtahanı uğurla verə bilib.
Rəssam bildirib ki, sonradan ona Türkiyədən dəvət gəlib. O, ixtisasını artırmaq üçün İstanbula yola düşüb. Bakırköy Rəssamlar Cəmiyyətində türk rəssamlıq məktəbi ilə tanış olub, onun incəliklərini öyrənib. Ancaq atasının ona cızdığı xətdən kənara çıxmayıb. İndi rəssam Türkiyədə müəllim kimi çalışır və bir neçə tələbə də yetişdirib.
İşlərində qadın motivlərinin olduqca çox olduğunu deyən rəssam bildirib ki, qadın onun aləmində bir gözəllik simvoludur: “Tarixdə bir çox rəssamlar qadın obrazına müraciət edib, mənim yaratdığım qadınlarda isə bir kübarlıq hiss olunur. Bununla belə, mənim müxtəlif mövzularda işlərim var. Ən çox sevdiyim mövzu Bakının Qız qalası və İstanbulun Ayasofyasıdır”.
“Hər bir rəssamın beynində bir “bilik arxivi” yerləşir. Hansısa kiçik bir detal görəndə onun ətrafında uzun müddət düşünürəm və ideya tam yetişəndən sonra işə başlayıram” deyən Lətafət Məmmədova qeyd edib ki, özünü təklikdə daha yaxşı hiss edir. Ancaq pandemiya dövründə qapalı şərait onu depressiyaya salıb. İlk aylarda çalışa bilməsə də, sonradan bir neçə əsərlərini pandemiyaya həsr edib. “Rəngləri çox sevirəm. Yaratdığım dünyamı fırça ilə boyayandan sonra özümü xoşbəxt hiss edirəm”, - deyə o əlavə edib.
Qeyd edək ki, bu ilin sentyabrında rəssamın Bakıda geniş sərgisi nəzərdə tutulur.
Lətafət Məmmədova 1973-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. Riqa, Vilnüs və digər Baltikyanı şəhərlərin bədii kollektivlərində (1978-80-ci illər) fəaliyyət göstərib. 1980-2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji fəaliyyət də göstərib. Sonra yaradıcı fəaliyyətini Türkiyədə davam etdirib.