26 iyun Narkomaniyaya və narkobiznesə qarşı beynəlxalq mübarizə günüdür. Əlamətdar gün BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən təsis edilib. Bu gün hər il ölkəmizdə də qeyd olunur.

İsmayıllı RMİ-nin tabeliyindəki Şamaxı rayon Mədəniyyət Mərkəzində  Narkomaniyaya və narkobiznesə qarşı beynəlxalq mübarizə günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib. Çıxışlarda qeyd olunub ki, problemin həlli üçün təbliğat və maarifləndirmə işi daha da genişləndirilməlidir. Sonda “Ölüm qapıda” qısametrajlı filmi nümayiş olunub, gənclərin sualları cavablandırılıb.

***

Sumqayıt RMİ Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Narkotiklər haqqında həqiqətlər” mövzusunda maarifləndirici konfrans keçirilib. Tədbirdə Daxili İşlər Nazirliyinin nümayəndəsi, narkomaniya üzrə ekspert, həkimlər və gənclər iştirak ediblər.

***

Şəki RMİ M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Narınqala folklor evinin kollektivi tərəfindən Şəki şəhər 1 nömrəli tam orta məktəbində “Ağ ölüm” mövzusunda yuxarı sinif şagirdlərinə mühazirə oxunub.

Oğuz rayon MKS-nin Şirvanlı kənd kitabxanasında “Sağlam gələcək naminə narkomaniyaya yox deyək!” başlığı altında maarifləndirici tədbir təşkil olunub. Kitabxananın müdiri Taliyə Xəlilova bildirib ki, gənclərimiz narkomanlığın necə bir bəla olduğunu dərk edərsə, bu bəladan uzaq durar. Sonda mövzu üzrə hazırlanan sərgiyə baxış olub.

***

Ağstafa RMİ Qazax rayon Heydər Əliyev Mərkəzi və rayon Müalicə-Diaqnostika Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda tədbir keçirilib. Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, rayon Müalicə-Diaqnostika Mərkəzinin həkim-terapevti Elxan Bayramov mövzu ilə bağlı çıxış ediblər. Vurğulanıb ki, narkomaniya yaddaş və təfəkkürü pozur, orqanizmi zəhərləyir, daxili orqanların sıradan çıxmasına səbəb olur. Tədbirdə narkotik vasitələrin yaratdığı fəsadlardan bəhs edən videoçarx nümayiş olunub.