Azərbaycan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqının üzvü, “Qızıl kəlmə” mükafatçısı, Prezident təqaüdçüsü Sadıq Qarayevin “Sahilsiz təzadlar” romanı Moskvada rus dilində nəşr edilib.
Elmi, fəlsəfi, detektiv janrda qələmə alınmış irihəcmli (650 səhifə) kitaba Azərbaycandan akademik İsa Həbibbəyli ön söz, mərhum görkəmli alimimiz Telman Əliyev rəy, Rusiyadan tibb elmləri doktoru, professor Seyfəddin Mərdanlı və professor Vladimir Pomazanov roman haqqında öz fəlsəfi düşüncələrini yazıblar.
2014-cü ildə nəşr edilmiş “Sahilsiz təzadlar” romanında bir sıra elmi-fəlsəfi ideyaları ilə yanaşı, azərbaycançılıq məfkurəsi, torpaqlarımızın azad edilməsi, Şuşanın beynəlxalq mədəniyyət və elm mərkəzinə çevrilməsi, sürətli bərpa işlərinin aparılması mülahizələri də öz əksini tapıb. Bütün bunlar romanın nəşrindən altı il sonra, xalq-ordu-dövlət birliyindən yaranan “Dəmir yumruq” sayəsində gerçəkləşdi.
Romanı rus dilinə Leyla Qədirzadə tərcümə edib. Kitabın redaktorları Dilarə Məmmədova (filologiya üzrə fəlsəfə doktoru), Azər Elşadoğlu, Esmira Fərəcovadır.