Beynəlxalq Muğam Mərkəzinin (BMM) 2017-ci ildən həyata keçirdiyi "Muğam axşamları" layihəsi davam edir. Layihənin növbəti təqdimatı “Bayatı-Şiraz” muğamına həsr olunub.
Konsert proqramında BMM-in solistləri Rəvanə Qurbanova, Səbinə Ərəbli və Günay İmamverdiyeva çıxış ediblər. Xanəndələri mərkəzin solistləri, tarzən Rövşən Qurbanov, qanun ifaçısı Əməkdar artist Təranə Əliyeva, kamançada Ceyhun Muradov, nağarada Amil Mustafayev, udda Vasif Yusipli və Ruslan Muradov (tar) müşayiət ediblər.
Dahi bəstəkar Üzeyir Hacıbəyli “Bayatı-Şiraz”ı dinləyicidə qəmginlik hissi oyadan muğam adlandırıb. Öz axıcı və dərin təsir gücünə görə “Bayatı-Şiraz”a “musiqinin gəlini” (yəni “ərusi-musiqi”) deyilib.
On iki klassik muğamdan biri olan “Bayatı-Şiraz” VI-VII əsrlərdən bu günə kimi gəlib çıxmış “İsfahan”, sonralar isə “Bayatı-İsfahan” adlandırılan muğamın müasir variantıdır. Mir Möhsün Nəvvab “Vüzuhül-ərqam” risaləsində “Bayatı-Şiraz” muğamını şöbə kimi göstərib, 12 muğamdan beşincisini “İsfahan” adlandırıb.
“Muğam axşamları” layihəsinin ideya müəllifi BMM-in direktoru, Xalq artisti Murad Hüseynovdur. Layihənin konsertləri Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı vasitəsilə lentə alınır, İctimai Radio ilə dinləyicilərə təqdim edilir.
Lalə