İyunun 20-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Mirzə Ələkbər Sabir Fondu və digər qurumların iştirakı ilə görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin (1862-1911) anadan olmasının 160 illiyinə həsr olunmuş onlayn konfrans keçirilib.

TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı konfransı giriş sözü ilə açaraq, təşkilatın türk xalqları arasında qardaşlığın möhkəmləndirilməsi, türk mədəniyyətinin dünyaya tanıdılması, ortaq dəyərlərimizin yeni nəsillərə ötürülməsi istiqamətində fəaliyyətindən bəhs edib. Bildirib ki, TÜRKSOY bu kontekstdə Türk dünyası üzrə müxtəlif tədbirlər, layihələr həyata keçirir. O cümlədən qardaş ölkələrimizdə Nizami Gəncəvi, Molla Pənah Vaqif, Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, İlyas Əfəndiyev, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Qara Qarayev, Abdulla Şaiq, Fikrət Əmirov kimi Azərbaycanın yetişdirdiyi dahi şəxsiyyətlərin xatirəsinə həsr olunmuş müxtəlif tədbirlər gerçəkləşdirilib.

Bu günlərdə Ankarada Mirzə Fətəli Axundzadənin 210 illiyi və Əhməd Cavadın 130 illiyi ilə bağlı tədbirlərin keçirildiyini də deyən B.Çakıcı XX əsr Azərbaycan ədəbiyyatının ən məşhur şairlərindən biri, türk ədəbiyyatında yeni satirik cərəyanın qurucusu Mirzə Ələkbər Sabirin 160 illiyi münasibətilə belə bir konfransa qatılmaqdan məmnunluğunu ifadə edib: “Azərbaycanın böyük şairi Seyid Əzim Şirvani tərəfindən açılan məktəbdə təhsil alan Sabir ədəbiyyata, poeziyaya onun təsiri altında qədəm qoymuş, eləcə də Firdovsi, Sədi, Füzuli kimi böyük klassiklərdən ilham alaraq, bir çox üslublarda şeirlər yazmışdır. Türk mədəniyyətinə xidmət edən, zənginləşdirən dahi şəxsiyyətlər sırasında Sabiri ehtiramla yad edir, əsərlərinin daim yaşayacağına inanıram”.

Moderatoru şair Əkbər Qoşalı olan konfransda Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Türk Ədəbiyyatı Fondunun prezidenti Serhat Kabaklı, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, Özbəkistan Yazarlar Birliyinin sədr müavini Qeyret Macid, “Baskurdistan hatunu” jurnalının baş redaktoru Gülnaz Kutuyeva, Qazaxıstanın “Yeni asır” jurnalının baş redaktoru Sayat Kamşıger, Moldova Respublikasının Qaqauz Yerindən şair Güllü Karanfil, Şimali Makedoniyanın “Körpü” jurnalının baş redaktoru Leyla Şərif və başqaları çıxış ediblər.

Çıxış edənlər Mirzə Ələkbər Sabirin həyatı, yaradıcılığı, satirası, poeziyasının incəlikləri, uşaq şeirlərində bəhs etdiyi mövzular, mənəvi dünyası haqqında söz açıb, şairin şeirlərindən nümunələr səsləndiriblər.

Mehparə Sultanova
Ankara