Qarşılıqlı fəaliyyət planının hazırlanması təklif edilib
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyunun 17-də IX Bakı Qlobal Forumunda iştirak edən Qətər Dövlətinin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani ilə görüşüb.
Görüşdə Azərbaycanla Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişafından, bu sahədə həyata keçirilməsi nəzərdə tutulan layihələrdən söhbət açılıb.
Anar Kərimov mədəniyyətin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın davamlı inkişafını xüsusi olaraq vurğulayıb. Nazir yeni yaradılan Azərbaycan Respublikası Kino Agentliyi haqqında həmkarına məlumat verərək, ölkəmizin film sənayesinin inkişafı istiqamətində Qətər təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirib.
Anar Kərimov “Mədəniyyət naminə sülh” (Peace for Culture) qlobal çağırışı haqqında da qonaqlara məlumat verib. Qeyd edib ki, layihənin əsas məqsədi mədəniyyətin qorunması üçün regionda sülhün bərqərar olmasıdır. Bu məqsədlə Azərbaycan “Mədəniyyət naminə sülh” kampaniyası ilə dünyaya çağırış edir. Nazir Qətər Dövlətini də bu təşəbbüsə qoşulmağa dəvət edib.
Şeyx Əbdülrəhman bin Həməd əl-Tani qəbula görə nazirə təşəkkürünü bildirib və IX Bakı Qlobal Forumunda iştirakından məmnunluğunu ifadə edib. Qətər naziri iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsinin vacibliyini xüsusilə vurğulayaraq bu istiqamətdə qarşılıqlı fəaliyyət planının hazırlanmasını təklif edib.
Söhbət zamanı Qətərdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi, həmçinin azərbaycanlı və qətərli şairlərin kitablarının tərcümə və nəşr olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.