Xəbər verdiyimiz kimi, 23-26 iyun tarixində Bakıda 4-cü HESTOUREX Dünya Sağlamlıq Turizmi Sərgisi təşkil olunacaq. Sərgi Dövlət Turizm Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının dəstəyi ilə reallaşacaq.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası İdarə Heyətinin sədri Ruslan Quliyev iyunun 20-də keçirilən mətbuat konfransında beynəlxalq sərgi haqqında ətraflı məlumat verib.
Bildirib ki, “Baku Crystal Hall”da təşkil olunacaq sərgiyə 22 Avropa ölkəsi daxil olmaqla, dünyanın 60-dan çox məkanından 1000-ə yaxın sağlamlıq turizmi təşkilatı qatılacaq. Türkiyənin məşhur termal və sağlamlıq turizmi mərkəzlərinin də iştirak edəcəyi sərgidə çoxsaylı B2B görüşlərin təşkili planlaşdırılır. Həmçinin panellər və xüsusi təqdimatlar nəzərdə tutulub.
Ruslan Quliyev qeyd edib ki, sərginin özəlliklərindən biri də Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarının da termal turizm imkanlarının burada nümayiş etdirilməsi olacaq.
HESTOUREX sərgisinin təşkilatçısı, Alanya Sağlamlıq Turizmi Assosiasiyasının sədri Ahmet Girgin tədbirin Azərbaycanla Türkiyə arasında sağlıq turizmi əlaqələrinin genişlənməsində böyük rol oynayacağını diqqətə çatdırıb. Onun sözlərinə görə, ilk dəfə 2017-ci ildə keçirilən HESTOUREX sərgisi pandemiyaya qədər Türkiyədə düzənli olaraq təşkil edilib. “Pandemiyadan sonra ilk sərginin Bakıda keçirilməsinin səbəbi odur ki, Azərbaycanın zəngin termal turizm qaynaqlarının dünyada və qardaş Türkiyədə tanıdılmasına ehtiyac var”, - deyə o vurğulayıb.