Azərbaycanın mədəniyyət naziri Anar Kərimov İrana səfəri çərçivəsində Tehranda yerləşən İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunu ziyarət edib.
İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xüsrav Noziri və Mədəniyyət İnstitutunun prezidenti Murodjon Buriboyev Anar Kərimova qurumun fəaliyyəti ilə bağlı məlumat veriblər.
Bildirilib ki, 1995-ci ildən fəaliyyət göstərən institutun əsas məqsədi İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr arasında mədəni əlaqələrin gücləndirilməsinə xidmət etməkdir. Xüsrav Noziri Azərbaycanın gələcəkdə Mədəniyyət İnstitutuna üzv olacağına ümidvar olduğunu bildirib.
Mədəniyyət naziri Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən olduğunu bildirərək, instituta da ölkəmizin üzvlüyünün nəzərdən keçiriləcəyini söyləyib.
Görüşdə müştərək mədəni irs, humanitar sahələrdə sıx əməkdaşlıq, mədəni mübadilə proqramlarının, muzey və digər istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.