Mədəniyyət Nazirliyi Vətən müharibəsindəki tarixi Zəfərə həsr olunan ədəbi müsabiqə elan edib. Müsabiqənin məqsədi Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin gələcək nəsillər üçün bədii mətnlər vasitəsilə əbədiləşdirilməsi, böyük Zəfərin bədiiləşdirilməsidir.
Müsabiqə 3 ədəbi janr üzrə keçirilir: roman, dram, mənzum hekayə. Əsərlərdə 44 günlük Vətən müharibəsində hərb meydanında, arxa cəbhədə, beynəlxalq arenada yaşanan proseslər əks etdirilə bilər.
Əsərlər daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalıdır. Əsərlər Azərbaycan dilində, bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur. Tarixi faktlar təhrif olunmamalıdır. Həcm məhdudiyyəti yoxdur.
Hər ədəbi janr üzrə bir qalib elan olunacaq. Mükafat fondu: roman janrı üzrə 10 000 manat; dram janrı üzrə 5 000 manat; mənzum hekayə janrı üzrə 5 000 manat.