Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistan Respublikasına dövlət səfərinə gedib.
Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Müstəqillik abidəsini ziyarət ediblər. Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.
Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə ucaldılan abidə özbək xalqının üç min illik tarixini əks etdirir. Abidə ölkənin müstəqilliyinin ildönümünə həsr olunan “Yeni Özbəkistan” kompleksinin mərkəzində yerləşir. Altmış metr hündürlüyündə abidə görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti ilə əlamətdar olan dövrü əks etdirir.
İyunun 21-də Daşkənddə Heydər Əliyev meydanının açılışı olub. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev açılış mərasimində iştirak ediblər.
Meydan paytaxtın Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşir. Ətrafdakı binalar abadlaşdırılıb. Meydanın ərazisi tamamilə yenidən qurulub, burada yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.
Meydanın mərkəzi hissəsində ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılıb. Ümummilli lider Heydər Əliyevin adını daşıyan küçədə yerləşən meydan şəhər sakinləri və qonaqların istirahət üçün ən çox üz tutduqları yerlərdən biri olacaq.
Özbəkistan və Azərbaycan prezidentləri mərasimdə çıxış ediblər.
Dövlət başçıları memorial kompleksin açılışını edib, önünə gül dəstələri qoyublar.
İyunun 21-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə məhdud və geniş tərkibdə görüşləri olub. Geniş tərkibdə görüş başa çatdıqdan sonra prezidentlərin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədləri imzalanıb. Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri barədə ətraflı qəzetin növbəti sayında.