Sumqayıt RMİ-nin əhatə etdiyi Xızı rayon Mikayıl Müşfiq Muzeyində nakam şairin anadan olmasının 114 illiyinə həsr olunmuş "Xızı diyarının Müşfiq zirvəsi" adlı tədbir keçirilib.

Tədbir Xızı rayon Mikayıl Müşfiq Muzeyi, Cəfər Cabbarlının Bakıdakı ev-muzeyi və Prezident yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə gerçəkləşib.

Sumqayıt RMİ Xızı rayon nümayəndəliyinin baş məsləhətçisi Mönsüm Bağırov, Mikayıl Müşfiq Muzeyinin direktoru Orxan Əzimov, Cəfər Cabbarlının Bakıdakı ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı, DİA Tələbə Gənclər Təşkilatının sədri Murad Həsənxanlı, jurnalist Rəsmiyyə Heybətağaqızı Müşfiqin həyat və yaradıcılığından söhbət açıblar.

DİA Tələbə Gənclər Təşkilatı üzvlərinin ifasında Mikayıl Müşfiqin şeirləri, şairin sözlərinə bəstələnən mahnılar səsləndirilib.

Sonda tədbirin təşkilində fəal iştirak edənlərə RMİ-nin Xızı rayon nümayəndəliyi tərəfindən fəxri fərmanlar təqdim olunub.