Kürdəmir Regional Mədəniyyət İdarəsi (RMİ) Kürdəmir rayon MKS-nin Mərkəzi Kitabxanasında Xalq yazıçısı, ədəbiyyatşünas alim, filologiya elmlər doktoru, professor Əzizə Cəfərzadənin (1921-2003) yaradıcılığına həsr olunmuş “Aləmdə səsim var mənim” mövzusunda oxucu konfransı keçirildi.

Tədbiri MKS-nin direktoru İradə Mahmudova açaraq yazıçının zəngin yaradıcılığından bəhs etdi. Bildirdi ki, Xalq yazıçısı Əzizə Cəfərzadə irsinin XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri var. Əsasən tarixi mövzuda yazan  müəllifin əsərləri oxucular tərəfindən maraqla qarşılanır.

Ədəbiyyatşünas alim, professor Vaqif Sultanlı Əzizə Cəfərzadə yaradıcılığı ilə bağlı maraqlı faktları diqqətə çatdırdı, yazıçı ilə bağlı xatirələrini bölüşdü.

Yazıçının oğlu, texnika üzrə fəlsəfə doktoru Turan İbrahimov Əzizə Cəfərzadənin yaradıcılıq prosesi, şəxsi arxivində qorunan əlyazmaları, işıq üzü görən kitabları barədə ətraflı məlumat verdi və gələcəkdə yazıçının yaradıcılığı ilə bağlı görəcəyi işlərdən söhbət açdı. O, yazıçının son əsəri olan “Eşq sultanı”nın diktofon vasitəsilə və öz səsi ilə yazıldığını diqqətə çatdırdı.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran filialının müdiri Yaqut Bahadurqızının Əzizə Cəfərzadə yaradıcılığı ilə bağlı söylədiyi fikirlər də maraqla qarşılandı.

Turan İbrahimov yazıçının bir çox kitablarını, eləcə də yeni nəşr olunan “Seçilmiş əsərləri”ndən ilk on iki cildi Mərkəzi Kitabxanaya hədiyyə etdi.

Qeyd edildi ki, Əzizə Cəfərzadənin elmi tədqiqatlardan, məqalələrindən və publisistik əsərlərindən ibarət 13-14-cü cildlər də nəşrə hazırlanır.

Xalq yazıçısı Əzizə Cəfərzadənin qələmindən çıxan əsərlər bütün dövrlər üçün zəngin bir ədəbi xəzinədir.

Məryəm Əliyeva
Kürdəmir rayon MKS-nin baş biblioqrafı