Azərbaycan

 

25 iyun 1907 – Xalq artisti Sona Salman qızı Hacıyeva (1907 – 24.12.1979) Şəkidə doğulub. 1923-cü ildən Akademik Dram Teatrının aktrisası olub. “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Səhər” filmlərində çəkilib.

25 iyun 1939 – Əməkdar mədəniyyət işçisi Adil Soltan oğlu İsmayılov (1939-2011) anadan olub. 1959-cu ildən “Azərbaycanfilm” Kinostudiyasında çalışıb, bir sıra filmlərin 2-ci rejissoru olub.

25 iyun 1940 – Əməkdar artist, müğənni Yaşar Abutalıb oğlu Səfərov (1940-2007) Naxçıvan MR Şahbuz rayonunda doğulub. Azərbaycan Televiziyası və Radiosunun solisti olub.

25 iyun 1980 – Yazıçı, ssenarist, rejissor, Xalq artisti Həsən Mehdi oğlu Seyidbəyli (22.12.1920 – 1980) vəfat edib. “Uzaq sahillərdə” (İ.Qasımovla birgə), “Cəbhədən cəbhəyə” romanlarının, pyeslərin müəllifidir. “Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Nəsimi” filmlərinə quruluş verib.

 

26 iyun 1922 – Əməkdar memar Şəfiqə Mikayıl qızı Zeynalova (1922-1979) anadan olub.

26 iyun 1929 – Əməkdar elm xadimi, həkim-yazıçı Nurəddin Məmmədbağır oğlu Rzayev (1929 – 17.10.2011) Gədəbəy rayonunda doğulub. Türkologiya, tarix, ədəbiyyat və s. mövzularda elmi-publisistik məqalələrin müəllifidir.

26 iyun 1939 – Musiqişünas alim, fəlsəfə elmləri doktoru, professor Babək Osman oğlu Qurbanov (1939 – 28.3.2019) Qazax rayonunda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Türkiyədə Qaziantep Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında çalışıb.

26 iyun 1945 – Əməkdar incəsənət xadimi, kinooperator Valeri Sultan oğlu Kərimov (1945 – 9.3.1998) Bakıda doğulub. 1974-cü ildən “Azərbaycanfilm” Kinostudiyasında işləyib. Çəkdiyi filmlər: “Alma almaya bənzər”,  “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Sizi dünyalar qədər sevirdim” və s.

26 iyun 1946 – Əməkdar artist Əli Məmməd oğlu Salahlı (Salayev; 1946-2005) Masallı rayonunda doğulub. Lənkəran Dövlət Dram Teatrının aktyoru olub.

 

27 iyun 1951 – Əməkdar incəsənət xadimi, aşıq Əsəd Əhməd (Məhəmməd) oğlu Rzayev (1874, Tovuz - 1951) vəfat edib.

27 iyun 2013 – Xalq artisti Siyavuş Məmmədağa oğlu Aslan (5.9.1935 – 2013) vəfat edib. Musiqili Komediya, Akademik Milli Dram teatrlarında çalışıb, kinoda maraqlı obrazlar qalereyası yaradıb.

 

28 iyun 1842 – Maarifçi, təbiətşünas alim, publisist Həsən bəy Zərdabi (Məlikov; 1842 – 28.11.1907) anadan olub. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzeti ilə Azərbaycanda milli mətbuatın əsasını qoyub. Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman, Bakı gimnaziyasının ilk müsəlman müəllimi olub.

28 iyun 1914 – Xalq artisti Barat Həbib qızı Şəkinskaya (1914 – 13.1.1999) Şuşada doğulub. 1935-ci ildən Akademik Milli Dram Teatrının aktrisası olub, bir müddət Gəncə teatrında çalışıb. “Görüş”, “O olmasın, bu olsun”, “Onun bəlalı sevgisi” və s. filmlərdə maraqlı obrazlar yaradıb.

28 iyun 1925 – Xalq artisti Gülağa Allahverdi oğlu Məmmədov (1925 – 7.6.1994) anadan olub. 40 ildən çox Azərbaycan Televiziya və Radiosu Səid Rüstəmov adına xalq çalğı alətləri ansamblının solisti olub. “Dəli Kür”, “Sən niyə susursan” və s. filmlərdə mahnıları ifa edib.

28 iyun 1935 – Xalq artisti, professor Ağakişi Şəmməd oğlu Kazımov (1935 – 8.10.2021) Ağcabədi rayonunda doğulub. Musiqili Komediya, Opera və Balet, Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarında rejissor işləyib. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. “Yük” filmində (H.Z.Tağıyev) çəkilib.

28 iyun 1971 – Məşhur opera müğənnisi Eldar Tofiq oğlu Əliyev (1971 – 4.8.2020) Bakıda anadan olub. Bakı Musiqi Akademiyasında və İtaliyada vokal təhsili alıb. 1994-cü ildən 2005-ci ilədək Milanda “La Skala” teatrının  solisti olub, Avropanın bir çox teatrlarının səhnəsində çıxış edib.

 

Dünya

 

25 iyun 1709 – İtaliya bəstəkarı Françesko Arayya (Francesco Domenico Araia; 1709-1770) anadan olub. “Semiramida”, “Aleksandra Hindistanda” və s. operaların müəllifidir.

25 iyun 1903 – İngilis yazıçısı Corc Oruell (George Orwell - Eric Arthur Blair; 1903-1950) anadan olub. Rusiyadakı 1917-ci il inqilabına alleqoriya olan “Heyvan tövləsi” povestinin, “1984” antiutopiya-romanın müəllifidir.

25 iyun 1963 – Yunan əsilli ingilis müğənnisi və bəstəkarı Corc Maykl (George Michael – əsl adı Georgios Kyriakos Panayiotou; 1963-2016) anadan olub.

 

26 iyun 1763 – İngilis rəssamı Corc Morland (George Morland; 1763-1804) anadan olub.

26 iyun 1892 – Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1938) Perl Bak (Pearl Sydenstricker Buck; 1892-1973) anadan olub. Əsərləri: “Şərq küləyi, qərb küləyi”, “Dağılan ev”, “Böyük dalğa” və s.

 

27 iyun 1940 – Aktyor, müğənni, Rusiyanın Xalq artisti Boris Xmelniski (1940-2008) anadan olub. “Robin Qudun oxları”, “İgid cəngavər Ayvenqo” və s. filmlərdə çəkilib.

27 iyun 1941 – Polşa kinorejissoru Kşiştof Keslovski (1941-1996) anadan olub. “Həyatın rəngləri”, “Dekaloq” və s. filmlərin müəllifidir.

 

28 iyun 1577 – Niderland (flamand) rəssamı Piter Paul Rubens (Peter Paul Rubens; 1577-1640) anadan olub. Mifoloji və dini mövzuda bir çox əsərlərin müəllifidir. Portret və peyzaj ustası kimi də tanınıb.

28 iyun 1712 – Fransız yazıçısı və mütəfəkkiri, maarifçi Jan-Jak Russo (Jean-Jacques Rousseau; 1712-1778) anadan olub. “Yeni Eloiza”, “Emil” romanları, fəlsəfi əsərlərin müəllifidir.

28 iyun 1867 – İtalyan yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1934) Luici Pirandello (Luigi Pirandello; 1867-1936) anadan olub. Əsərləri: “Mərhum Mattia Paskal”, “Qocalar və cavanlar” (romanlar), “Liola” , “Hər kəs özünə görə”, “IV Henrix” (pyeslər).

Hazırladı: Vüqar Orxan