İstanbul şəhərindəki “Bengisu yayınları” tərəfindən Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin (1921-2003) kitablarının nəşri həyata keçirilir. 2022-ci ilin əvvəlindən ədibin üç kitabı Türkiyə türkcəsində işıq üzü görüb.

Bu barədə yazıçının oğlu Turan İbrahimov məlumat verib. O deyib: “2021-ci ilin noyabrında tərcüməçi Mustafa Öğünçlə imzaladığımız müqavilə əsasında yazıçının 5 kitabının 5 il müddətində Türkiyədə nəşr edilməsinə icazə verilib. Bu kitablardan birincisi klassik ədəbiyyatımızın böyük şairi Məhəmməd Füzuli və “Mühibbi” təxəllüsü ilə qəzəllər yazmış Sultan Süleyman Qanuni haqqında “Eşq sultanı” romanıdır. Türkiyə ilə ortaq ədəbiyyat dəyərlərimizi canlandıran bu roman Əzizə Cəfərzadənin son əsəridir və onu audioformatda diktofona yazıb. Mən onu ilk dəfə 2005-ci ildə professor Vaqif Sultanlının redaktəsi ilə nəşr etdirmişəm.

İkinci çap olunan kitab “Sabir” romanıdır. Əsər satirik şairimiz Mirzə Ələkbər Sabirin həyatından bəhs edir və onun bu il qeyd olunan 160 illik yubileyinə bizim töhfəmizdir.  Üçüncü kitab isə dövründə Əzizə Cəfərzadəni ən çox məşhurlaşdıran, böyük şair və mütəfəkkir Seyid Əzim Şirvanidən bəhs edən “Aləmdə səsim var mənim” romanıdır”.

Turan İbrahimov yazıçının digər əsərlərinin də Türkiyə türkcəsinə çevrilməsi və nəşri üzərində işlərin davam etdirildiyini bildirib. “Bengisu yayınları” ilə müqaviləyə əsasən, “Bakı-1501” (Şah İsmayıl Səfəvi haqqında) və “Yad et məni” (Abbas Səhhət və müasirləri haqqında) romanları da Türkiyə oxucularına təqdim ediləcək: “Bu kitabları türkcəyə çevirən Mustafa Öğünç müasir türk dili və ədəbiyyatı üzrə təhsil almış istedadlı gəncdir. Ona Azərbaycan-Türkiyə münasibətlərində mühüm əhəmiyyət kəsb edən bu işlərində uğurlar diləyirik.

“Eşq sultanı” və “Aləmdə səsim var mənim” kitablarının türkcə variantını diqqətlə oxuyub qeydlər etmiş, həmyerlimiz riyaziyyatçı, Ankara Universitetinin professoru Şahin Əmrahın da böyük zəhməti var. Onu da qeyd edim ki, Şahin Əmrah “Aləmdə səsim var mənim” romanında adı dəfələrə çəkilən din xadimi Hacı Məcid Əfəndinin kötücəsidir. “Sabir” romanının türkcə variantının orijinala uyğunluğunu isə yazıçının qardaşı nəvəsi Aygül Cəfərzadə yoxlayıb”.

Qeyd edək ki, Əzizə Cəfərzadənin ilk dəfə “Anamın nağılları” kitabı 1990-cı ildə Türkiyədə çap edilib. 2006-cı ildə isə yazıçı-alimin toplayıb tərtib etdiyi “Azərbaycan aşıq və şair qadınları” kitabı Çingiz Alyılmaz tərəfindən Türkiyə türkcəsinə çevrilərək nəşr edilib.