Zamanın səhifələrində qalan olaylar, faktlar...
313 il əvvəl...
27 iyun 1709-cu ildə Rusiya ilə İsveç arasında Poltava (indiki Ukrayna ərazisi) döyüşü olub. Çar I Pyotrun komandanlıq etdiyi qoşunlar XII Karlın ordusuna qalib gəlib, Rusiya Baltik dənizinə qismən çıxış əldə edib.
104 il əvvəl...
24 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib. Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurasının qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Cümhuriyyətin müvəqqəti dövlət rəmzi elan edilib. Azərbaycanın indiki üçrəngli bayrağı 1918-ci ilin 9 noyabrında qəbul olundu.
26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ilk əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar avqustun 1-də verildi, nazirlik özü isə 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.
27 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası “Dövlət dili haqqında” qərar qəbul edib. Azərbaycan (türk) dili ölkə ərazisində dövlət dili elan olunub.
84 il əvvəl...
24 iyun 1938-ci ildə I çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirilib. 310 nəfərlik parlamentə 107 fəhlə, 88 kolxozçu və 115 ziyalı-qulluqçu seçilmişdi. Deputatların 72-si qadınlar idi.
72 il əvvəl...
25 iyun 1950-ci ildə Koreya müharibəsi başlayıb. Şimali Koreyanın (KXDR) qoşunları demarkasiya xəttini keçərək Cənubi Koreya (Koreya Respublikası) ərazisinə daxil olublar. 1948-1949-cu illərdə Şimali və Cənubi Koreya ərazisindən SSRİ və ABŞ-ın qoşunları çıxandan sonra iki ölkə arasında 38-ci paralel üzrə demarkasiya xətti çəkilmiş, Pxenyan Moskvanın, Seul isə Vaşinqtonun təsiri altında qalmışdı. Üç il sürən müharibə sərhədin 38-ci paralel üzrə bərpası ilə yekunlaşdı.
47 il əvvəl...
25 iyun 1975-ci ildə Portuqaliyanın müstəmləkəsi olan Mozambik müstəqilliyini elan edib. Afrikanın cənub-şərqində ən böyük dövlət (ərazisi 802 min kv.km) olan Mozambik “qara qitə”də müstəmləkəçiliyin son dayaqlarından idi.
35 il əvvəl...
25 iyun 1987-ci ildə Sov.İKP MK-nın plenumu “yenidənqurma” (“perestroyka”) haqqında qərar qəbul edib. Baş katib Mixail Qorbaçovun elan etdiyi yeniləşmə kursu, ilk növbədə, sosial-iqtisadi islahatları nəzərdə tutsa da, tezliklə siyasi-ideoloji sahəni də əhatə etdi. “Yenidənqurma” siyasəti dörd il sonra SSRİ-nin süqutu ilə nəticələndi.
30 il əvvəl...
25 iyun 1992-ci ildə İstanbulda Türkiyə Prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilən konfransda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı təsis edilib. Yeni regional təşkilatın yaradılması barədə “İstanbul bəyannaməsi”ni 9 ölkə (Türkiyə, Rusiya, Ukrayna, Moldova, Rumıniya, Albaniya, Gürcüstan, Azərbaycan, Ermənistan) imzalayıb. 1995-ci ildə Yunanıstan, 1997-ci ildə Bolqarıstan, 2004-cü ildə Serbiya təşkilata üzv oldu.
29 il əvvəl...
24 iyun 1993-cü ildə Milli Məclis Bakını tərk edərək (18 iyunda) Naxçıvan MR Ordubad rayonunun Kələki kəndinə getmiş Prezident Əbülfəz Elçibəyin geri dönmək niyyətində olmadığını nəzərə alaraq, Konstitusiyanın müvafiq tələbi əsasında dövlət başçısı səlahiyyətlərinin Ali Sovetin sədrinə verilməsi barədə qərar qəbul edib.
14 il əvvəl...
26 iyun 2008-ci ildə Azərbaycan Milli Ordusunun 90 illik yubileyi münasibətilə Bakıda, Azadlıq meydanında hərbi parad keçirilib. Bu, 1992-ci ildən sonra Azərbaycanda müstəqillik tarixində keçirilən ikinci hərbi parad idi.
Hazırladı: V.Orxan