Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qeyri-maddi mədəni irs daşıyıcılarının qiymətləndirilməsi üzrə Şuranın iclasları başa çatıb. Nazirliyin Araşdırma və Təhsil Baş İdarəsinin koordinasiyası ilə keçirilən iclaslarda ümumilikdə 290 nəfərə “sənətkar vəsiqəsi” verilib.
Nazirlikdən verilən məlumata görə, alimlər, ekspertlər və sənətkarlardan ibarət Qiymətləndirmə Şurası ənənəvi əl sənətlərindən türk bəzək sənətinə, musiqidən teatra, aşıq ənənəsindən xalq şeirinə qədər bir çox sahələrdə 500-ə yaxın müraciəti dəyərləndirib.
Qiymətləndirmələr nəticəsində icra etdikləri sənəti ənənəvi yolla öyrənib öyrədə bilən, tarixi biliyə malik olan, sənətində müəyyən yetkinliyə çatmış 290 usta Xalq Mədəniyyəti Məlumat və Sənədləşmə Mərkəzində qeydiyyata alınıb. Beləliklə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsi sözügedən mərkəzində qeydiyyatdan keçmiş irs daşıyıcılarının sayı 5270-ə yüksəlib.
Baş idarənin direktoru Okan İbiş bildirib ki, “sənətkar vəsiqəsi” olan şəxslər ölkə daxilində və xaricdə keçirilən sərgi, yarmarka və festival kimi mədəni tədbirlərə göndərilərək dəstəklənir. O, irs daşıyıcılarının mədəniyyət səfiri kimi ölkənin mədəni diplomatiyasına töhfə verdiklərini bildirib.
Həmçinin “sənətkar vəsiqəsi” sahiblərinin nazirliyin müxtəlif qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələrdən faydalanması nəzərdə tutulub. “Gördüyümüz bu işlər, mədəni irsimizin gənc nəsillər tərəfindən daha dərindən dərk edilməsinə və ölkəmizin qədim mədəni dəyərlərinin daxildə və xaricdə tanınmasına şərait yaradır”, – deyə o bildirib.
Mehparə Sultanova
Ankara