Teatr həmişə cəmiyyətin güzgüsü olub və biz həmişə bu güzgüdə özümüzü görmüşük. Bəs niyə bu güzgüdə biz artıq özümüzü görmürük? Buna səbəb nədir?
Məsələ ondadır ki, teatr yarandığı gündən insanların qarşısına çıxan problemlərin həlli yollarını göstərib. İstər klassika, istər müasir dramaturgiyanın səhnə həlli birmənalı şəkildə müasir insan problemlərinin həllinə yardımçı olmalıdır. Demək, tamaşa elə qurulmalıdır ki, günümüzlə səsləşsin.
Belə olan təqdirdə teatrlarımıza nəzər salaq, görək teatrlarda günümüzlə səsləşən tamaşalar var, ya yox?! Əlbəttə, yoxdur.
Söhbətimizi əyaniləşdirək. Respublikamızda 27 dövlət teatrı fəaliyyət göstərir. Bu teatrların tamaşaları haqqında kifayət qədər məlumatlıyıq. Bu məlumatlara əsaslanaraq deyə bilərik ki, biz əziz və doğma teatrımızı heç də kifayət qədər sevmirik. O zaman belə bir sual yaranır. Bəs biz doğma teatrı niyə sevmirik? Gəlin, faktlara nəzər salaq və bunun səbəblərini araşdıraq.
Bu polemikaya teatrşünaslar, dramaturqlar, rejissorlar, aktyorlar və sair peşə sahibləri qoşula bilər. Və mənə elə gəlir ki, bu, işin xeyrinə olar.
Teatrın strukturundan başlayaq. Müasir dövrümüzdə teatrın strukturu düzgün qurulub, ya yox? Fikirlər müxtəlif ola bilər. Mənə qalarsa, deməliyəm ki, teatrın strukturu düzgün qurulmayıb. Mən bunu çoxsaylı müsahibələrimdə və çıxışlarımda dəfələrlə qeyd etmişəm. Fikirlərimi açıqlayım. Bütün müasir dünyada, hətta keçmiş sovetlər dönəmində fəaliyyət göstərən teatrlarda rejissor əsas sima sayılıb, teatrın düşünən beyni hesab olunub. Bu belədir. Teatrın direktoru baş rejissorun yaradıcılıq fəaliyyətinə imkan və şərait yaradan məmurdur. Onun işi baş rejissorun yaradıcılıq işinə təkan verməkdir.
Mən bu yaxınlarda hörmətli nazirimiz Anar Kərimovla da söhbətimdə bunu qeyd etmişəm. Onunla bir saata yaxın söhbətimiz oldu. Anar müəllim maraqlı həmsöhbət, təşkilati işləri gözəl bilən insandır. O, məndən təcrübəli bir şəxs kimi müasir teatr və kino prosesləri, teatr strukturu barədə fikirlərimi soruşdu. Bu xüsusda fikirlərimi də diqqətlə dinlədi. Bir daha qeyd edirəm: direktor teatrda baş rejissora yaradıcılıq imkanlarına yardımçı olan məmurdur. Bunları bir-biri ilə qarışdırmaq olmaz.
Bu, birinci məsələdir. İkinci məsələ Azərbaycan teatrında kadr məsələsidir. Söhbət peşəkar kadrlardan gedir. Biz yaxşı bilirik ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti milli teatr, kino və digər sahələr üçün peşəkar kadrlar hazırlayan ali təhsil ocağıdır. Mədəniyyət və incəsənət müəssisələrində, o cümlədən teatrlarda kadrların 99 faizini bu təhsil ocağı təmin edir. Bəlkə ali təhsil ocağı peşəkar kadr yetişdirmir? Əlbəttə, yetişdirir. Bəs bu kadrların əksəri niyə teatrlara yol tapa bilmirlər? Teatrı sevən baş rejissor və direktor olmalıdır ki, gənc və istedadlı kadrları işlə təmin etsin. Etiraf etməliyik ki, teatrlarda baş rejissorun elə bir səlahiyyəti yoxdur. Teatrlara kadrların işə qəbulu məsələsini direktor həll edir. Çünki möhür onun əlində, səlahiyyət ondadır. O isə kimi istəyir, onu da işə qəbul edir. Teatrlara istedadsız, zəif kadrlar gəlir. Sual oluna bilər, bəs bu adamlar teatra necə düşür? Çox sadə. Tanışları, əmiləri, dayıları, xalaları vasitəsilə... Bu səbəbdən teatrlar bugünkü duruma düşüb.
Məhz bu səbəbdən teatrlarda müxtəlif səs çalarlarına, nitq mədəniyyətinə malik aktyor tapmaq müşkülə dönüb. Aktyorun səs çaları və nitq mədəniyyəti nədir? Keçmiş aktyorları yada salaq: Ağasadıq Gəraybəyli, Möhsün Sənani, Hökümə Qurbanova, Əliağa Ağayev, Leyla Bədirbəyli, Ağahüseyn Cavadov, İsmayıl Osmanlı və digərləri. Allah onlara rəhmət eləsin. Onların hər birinin özlərinə məxsus səs çalarları və nitq mədəniyyəti xatirimizdə canlanır. Onları bir-biri ilə qarışdırmaq mümkün deyildi. Elə bu səbəbdən biz onları bu günə qədər unuda bilmirik. Sonrakı nəsli xatırlayaq: Səməndər Rzayev, Kamal Xudaverdiyev, Fuad Poladov, Yaşar Nuri, Əliabbas Qədirov, Mikayıl Mirzə, Şəfiqə Məmmədova, Amaliya Pənahova və digərləri. Bu sənətkarların da səs çalarları müxtəlifliyi ilə seçilirdi. Onları da qarışdırmaq mümkün deyildi. Səs çalarlarının müxtəlifliyi və rəngarəngliyi insanı valeh edirdi. Bunu heç kim dana bilməz.
Bu gün isə istənilən teatrın tamaşasında səhnədə 20 nəfər olsa da, elə bil bir səs var. Sual oluna bilər. Niyə rəngarənglik yoxdur? Bəs ali təhsil ocağı niyə rəngarəng səs çalarına malik kadr yetişdirmir. Yenə eyni sual və eyni cavab. Əlbəttə, yetişdirir. Amma həmin istedadlar teatra yol tapa bilmir. Ona görə də teatrlarda aktyorların nitq mədəniyyəti bu səviyyədədir.
Nitq mədəniyyəti, səs çalarının müxtəlifliyindən danışırıqsa, aktyorun xarici görünüş məsələsindən də danışmalıyıq. Bu da yaralı mövzudur. Bayaq adları çəkilən sənətkarların hər biri səs çalarlarının şirinliyi və cazibəsi ilə bərabər, həm də vizual baxımdan səhnə görkəminə malik aktyorlar olublar. Onların boy-buxunu, üz cizgiləri, səs imkanları və söz yox ki, istedadları və plastikası bir-birini tamamlayıb, vəhdət təşkil edirdi. Rejissorlar da onlara obraz həvalə edəndə heç bir çətinlik çəkmirdilər. Gəlin, indi teatrlarımızdakı aktyorlarımızı yada salaq. Teatrlarda sanki bilərəkdən daha çox istedadsız və xarici görünüş etibarilə səhnəyə münasib olmayan insanları işə götürürlər. Niyə? Çünki təmənna və tanışlıq istedadlı insanların teatra yoluna çəpər çəkir.
Yaxşı yadımdadır. Rəhmətlik Hacıbaba Bağırov Musiqili Komediya Teatrına rəhbərlik edəndə mənim təqdimatımla 12, ya 15 istedadlı tələbəmi işə qəbul etmişdi. Bu gün həmin aktyorlar teatrda aparıcı obrazlar ifa edirlər. İndi bu mümkün deyil. Mən bu yaxınlarda iki istedadlı tələbəmin teatra qəbul edilməsi ilə bağlı Musiqili Teatrın baş rejissoru Cavid İmamverdiyevə müraciət etmişdim. O da həmin iki nəfəri qəbul etdi, səslərini dinlədi. Hər ikisi Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru kursunu bitiriblər. Hər iki gənc boy-buxunlu, səs çalarları və istedadları ilə teatr üçün tapıntı idi. Baş rejissor C.İmanquliyev teatrın direktoruna gənc kadrların işə qəbulu ilə bağlı müraciət edəndə, o, deyib ki, ştatda yer yoxdur. Beləliklə, gənc kadrlar teatrdan uzaq düşüblər. Axı istedadlı insanları teatrdan uzaqlaşdırmaq olmaz.
İndi isə daha bir vacib məsələ haqqında fikirlərimi bildirmək istəyirəm. Teatrın repertuarı vacib məsələdir. Hamımız yaxşı bilirik ki, teatrların repertuarı onların simasıdır. Bu gün belə bir dəb yaranıb. Teatrlar yeni-yeni layihələr meydana çıxarırlar. Teatrın işi yeni tamaşa hazırlamaqdır. Rəhbər işləyən biri deyir ki, bu mənim layihəmdir. Bu anlaşılmazlıqdır. Bu tamaşadırsa, bunun rejissoru, bəstəkarı, rəssamı və sair olmalıdır. Hər şeyi ümumiləşdirib, bir nəfərin adına çıxmaq olmaz. Adını da islahat qoyuruq. Amma biz islahat etmirik. İslahat adı altında olanları dağıdırıq, məhv edirik.
Mən illərin təcrübəsindən çıxış edərək belə düşünürəm. Bəlkə kimsə deyə bilər ki, dediklərim bir qədər kəskin oldu. Amma kəskin olsa yaxşıdır. Həqiqəti heç kim demir və ya demək istəmir. Hər yerdə tərifdir. Hamı həyatda “yaxşı adam” rolunu oynamaq istəyir.
Unutmamalıyıq ki, dünya qloballaşır. Biz istəsək də, istəməsək də müasirləşməliyik. Məsələn, mən düşünürəm ki, niyə teatrlar birləşib, müştərək bir tamaşa hazırlamasın? Milli futbol yığmamız üçün müxtəlif komandalardan oyunçular toplanmır? Teatrda da bu təcrübədən istifadə etmək olar. Şəhər və bölgə teatrlarından toplanmış aktyor heyətindən maraqlı bir tamaşa meydana qoymaq olar. Söhbət milli teatrın gələcək inkişafından gedirsə, niyə də yox? Niyə bir aktyor, uyğun olub-olmadığına baxmayaraq, eyni teatrda illərlə qalmalıdır, fəxri ad və sair gözləyə-gözləyə. Bəlkə o, digər teatrda istedadını daha çox büruzə verə bilər. Bəlkə tam yeni bir müqavilə sisteminə keçək. Bütün hallarda teatrların strukturunda köklü dəyişikliklər aparılmalıdır. Dövrə uyğunlaşmaq lazımdır. Zaman dəyişib. Hamı zamanın dəyişməyini bilə-bilə, nəyisə gözləyir. Sabah fəxri ad alaram, sabah mükafat alaram. Sabah sabah olacaq. Sabah yoxdur. Sabah qurtarıb. Sabahı bu gündən başlamaq lazımdır. Gözləmək olmaz. Tamaşaçı yüksək peşəkar səviyyəli tamaşa gözləyir. Onun üçün aktyorun hansı teatrdan olmağının heç bir əhəmiyyəti yoxdur. Aktyor Gənc Tamaşaçılar Teatrından da ola bilər, Akademik Milli Dram Teatrından da, Naxçıvan, Gəncə, Şəki və ya Lənkəran teatrından da... Yeganə bir məqsəd var. Tamaşaçını mükəmməl səhnə nümunəsi ilə heyrətləndirmək. Bax, layihə budur. İstedadlıları bir araya gətirmək lazımdır.
Rəhmətlik Tofiq Kazımov yeni teatr yaratmaq uğrunda mübarizə aparıb, gənclərə önəm verirdi. Amma bir şərtlə ki, gənclər istedadlı olsun. Tofiq Kazımovun bir sözü vardı. Deyirdi ki, hər yeni tamaşada teatra iki yeni qan vurulmalıdır. Həmin yeni tamaşada bir yeni qız, bir yeni oğlan olmalıdır. Bu, yenilənmə deməkdir. Bu gün teatrlarda istedadsızlar çoxalıb. Onlar istedadlılara imkan vermirlər. Onların istəkləri də artıb. Çünki arxaları var. Amma unutmaq olmaz ki, teatra olan münasibət əvvəlki deyil. İnsanlar artıq yalana inanmırlar. Yalan bir dəfə olar. Teatr isə həqiqəti deyən və nümayiş etdirən sənət meydanıdır, güzgüdür. Güzgü həqiqəti göstərməlidir. Yalan və naqislik olanda, tamaşaçı inanmır.
Bəzi rejissorlar tamaşalarda elə mizan verirlər ki, “adamın dəymişi qala-qala kalı tökülür”. Bu mizanları mizandan başqa nəyə desən oxşatmaq olar. Mizan adına aktyor sağdan sola, soldan sağa gedir. Niyə getdiyinin səbəbini isə bilmir.
Və ya səhnədə aktyor elə çığırır, elə bağırır ki, sanki tamaşadan sonra tamaşaçı döyüşə gedəcək. Bu, teatr deyil, bu, islahat deyil. Əgər islahat budursa, demək biz teatrı dağıdırıq. Teatr dövrün novator fikirlərini tamaşaçılara çatdırmalıdır. Teatr zamanı qabaqlamağı, tamaşaçını arxasınca aparmağı qarşısına məqsəd qoymalıdır. Biz teatrla bağlı çatışan və çatışmayan cəhətlərimizi deməliyik. Bir-birimizi nə qədər aldatmaq olar. Nə qədər deyək ki, hər şey yaxşıdır. Hər şey yaxşı deyil axı.
Hər teatrın öz spesifikası, öz siması və öz repertuarı olmalıdır. Məsələn, bir əsər eyni vaxtda ayrı-ayrı teatrlarda repertuardadır. Bəs teatrların ədəbi hissə müdirləri hara baxırlar? Onlara işləməyə imkan verirlərmi? Əlbəttə, yox. Bu da bir problemdir.
Belə məlum olur ki, teatrların strukturu dağıdılıb. Elə bil tərsinə çevrilib. Elə bil qəsdən belə ediblər. Bütün bunları özümə görə yox, gələcək nəsillər üçün deyirəm. Yeni ideyaları qorumaq lazımdır. Amma bəzən yeni ideyanı bilərəkdən məhv edirlər.
Mən vaxtilə “İlham” miniatür teatrı yaratmışdım. Bir neçə teatrdan istedadlı gəncləri bir araya toplamışdım. Gənc Tamaşaçılar Teatrında bizə yer vermişdilər. Bir neçə teatrı bu teatra birləşdirəndən sonra bizim üçün problem yarandı. Teatra topladığım insanlar dağılışdılar. Beləliklə, teatrın normal fəaliyyətinə bilərəkdən maneə törətdilər.
Teatrla bağlı problemlərdən danışırıqsa, bədii şura haqqında da danışmalıyıq. Bu, çox ciddi məsələdir. Tam cəsarətlə deyə bilərəm ki, heç bir teatrda bədii şura yoxdur. Bədii şura yerinə bütün məsələləri bir nəfər həll edir. Heç bir kollegiallıqdan söhbət belə gedə bilməz. Əslində isə, bədii şurada müxtəlif peşəkar insanlar olmalıdır ki, teatrın normal repertuarı haqqında fikir yürüdə bilsinlər. Teatrın bədii şurasında dramaturqlar, bəstəkarlar, rejissorlar, rəssamlar və aktyorlar olmalıdır.
Bu məqamda haşiyə çıxıb, daha bir məsələ ətrafında fikirlərimi hörmətli oxucularla bölüşmək istəyirəm. İlk baxışdan adi görünən bir məsələ, əslində, çox ciddi məsələdir. Teatrlarda afişa məsələsi. Afişa teatrın tarixidir. Teatr mütəxəssisləri teatrın tarixini afişalar vasitəsilə müəyyən edirlər. Afişalarda tamaşalarda əsas obrazları ifa edən aktyorların şəkilləri verilirdi. Afişalar aparıcı aktyorların şəkilləri ilə tamaşaçını teatra cəlb edirdi.
Konkret misal çəkim. İki il bundan əvvəl Musiqili Teatrda Ramiz Mirişli ilə Tamara Vəliyevanın “Dəyərəm min cavana” tamaşasının afişasında bir neçə aktyorun şəkilləri verilirdi. Rəssam çəkmişdi, rəhmətə gedib. Həmin afişa teatrın bədii şurasında təsdiq edilmişdi. Amma indi afişa plakat formasında hazırlanır. İndi həmin tamaşanın afişasında aktyorların şəkillərinin yerinə dollar şəkli verilir. Bu barədə soruşanda mənə dedilər ki, yaşlı aktyorların şəkli nəyə lazımdır. Onlar bu gün var, sabah yoxdurlar. Utanmadan mənim üzümə dedilər...
Nə isə, milli teatrlarımızda problemlərimiz çoxdur. Ciddi işlər görülməlidir. Sabaha hesablanan işlər görməliyik. Və ən əsası isə, teatrı sevməliyik. Dostlar, gəlin, doğma teatrı sevək. Çünki əsr yarım yol gəlmiş Azərbaycan teatrı bu sevgiyə layiqdir.
Hələlik, bu qədər... Amma, əziz oxucular və teatrsevərlər, söhbətimizi davam etdirəcəyik...
İlham Namiq Kamal
Xalq artisti, professor, Prezident təqaüdçüsü