II yazı

 

“Şuşa İli” münasibətilə qala-şəhərimizin Azərbaycanın musiqi mədəniyyətinə bəxş etdiyi sənətkarlar haqqında silsiləmizi davam etdiririk. “Şuşalı bəstəkarlar” rubrikasında bu dəfə Məşədi Cəmil Əmirovu və Əfrasiyab Bədəlbəylini yada salacağıq.

Məşədi Cəmil Əmirov 1875-ci ildə Şuşada anadan olub. O, musiqimizə dünya şöhrəti gətirənlərdən bəstəkar Fikrət Əmirovun atasıdır. İlk təhsilini mədrəsədə alıb, kiçik yaşlarından musiqiyə maraq göstərib. Tarzən kimi yetişməklə yanaşı, həm də xanəndə, bəstəkar olaraq tanınıb. Onun musiqi müəllimi ensiklopedik zəka sahibi, musiqiçi Mir Möhsün Nəvvab olub. Nəvvab Şuşanın musiqi məclislərinə onu da aparıb.

Məşədi Cəmil Əmirov qarmon, kamança və fortepianoda məharətlə ifa etməyi bacarıb. O, 1910-cu ildə bir qrup musiqiçi ilə birlikdə Latviyanın Riqa şəhərinə dəvət olunub, “Qrammofon” firması xanəndənin ifasında bir sıra muğamı və xalq mahnısını lentə alıb. Getdikcə populyarlaşan ifaçı Qarabağ bölgəsi ilə bərabər, Gəncə, Şəki, Şirvan və digər yerlərdə məclislərə dəvət olunur, sonra Gəncəyə köçür. Tarzən müxtəlif məclislərdə Malıbəyli Həmid, Musa Şuşinski, sonralar isə Bülbül və Seyid Şuşinskini müşayiət edib.

Sənətkar Gəncədə yerli ifaçıları cəlb etməklə Şərq musiqisi konsertləri verir, Üzeyir Hacıbəylinin əsərlərinin tamaşalarında Məcnun, Zeyd, Kərəm, Rza bəy və digər obrazları məharətlə canlandırır, teatr tamaşaları üçün yaradılmış orkestrə dirijorluq edir. M.C.Əmirov 1915-ci ildə isə “Seyfəl-mülk” operasını yazır. Həmin opera 1916-cı ildə Sidqi Ruhullanın quruluşunda əvvəl Tiflisdə, sonra isə İrəvanda göstərilir. 1916-cı ildə M.C.Əmirov gənc xanəndə Bülbüllə birlikdə Tiflis və İrəvanda konsertlər verir.

1911-ci ildə musiqi təhsili almaq məqsədilə İstanbula yollanan M.C.Əmirov orada iki il ərzində Şərq və Avropa musiqisinin incəliklərinə yiyələnir. Türkiyədə həm tarzən, həm də müğənni kimi konsertlər verir, muğam və təsnifləri, rəngləri məharətlə ifa edir.

Mənbələrdə musiqiçinin daha bir səhnə əsəri – “Namuslu qız” operettasını (1923) yazdığı qeyd edilir. Bu əsər Gəncədə səhnə həlli tapdıqdan sonra  Azərbaycanın digər bölgələrində də uğurla göstərilib. Təəssüf ki, “Seyfəl-mülk” və “Namuslu qız” əsərləri tarixin dolanbaclarında yoxa çıxıb...

Onun ən böyük arzusu musiqi məktəbi açmaq idi. 1923-cü ildə bu arzunu gerçəkləşdirir, Gəncədə ilk musiqi məktəbini yaradır. Tarzən, bəstəkar və pedaqoq Məşədi Cəmil Əmirov 1928-ci ildə vəfat edib.

***

Əfrasiyab Bədəlbəylinin adı Azərbaycan musiqi mədəniyyəti tarixinə görkəmli bəstəkar, musiqişünas, dirijor, ictimai xadim kimi daxil olub. Lakin onun ən böyük tarixi nailiyyəti milli musiqi mədəniyyətində balet janrının əsasını (“Qız qalası”) qoymasıdır.

Bəstəkar 1907-ci il aprelin 19-da Bakıda şuşalı tanınmış maarif xadimi, Qori Müəllimlər Seminariyasının məzunu Bədəl bəy Bədəlbəylinin ailəsində anadan olub. Bakıda 6-cı rus-müsəlman və 1-ci realnı məktəblərində təhsil alır. 1923-1926-cı illərdə Azərbaycan Teatr məktəbinin dinləyicisi olur, məktəbdə hazırlanan tamaşalarda həvəslə iştirak edir.

Ə.Bədəlbəyli daha sonra Musiqi Texnikumu və Azərbaycan Dövlət Universiteti (indiki BDU) Şərq fakültəsinin Linqvistika şöbəsində təhsil alır. O, professional musiqi təhsili almaq istəyirdi. 1932-ci ildə Moskva Konservatoriyasının Dirijorluq fakültəsində oxumağa yola düşür. Professor K.Saracevin sinfində təhsil alan gənc bu sənətin incəliklərinə mükəmməl yiyələnir. Ali məktəbdə oxuduğu zaman o, 8 variasiya, violonçel və fortepiano üçün sonatina, fortepiano üçün etüd, simfonik orkestr üçün III hissəli süita və s. əsərlərini yazır.

Lakin bir ildən sonra Moskvadakı təhsilini dayandırıb Bakıya qayıdır və R.Qlierin “Şahsənəm” operasını yeni quruluşda, C.Cabbarlının librettosu əsasında tamaşaya hazırlanmasında iştirak edir. 1934-cü ildə N.Rimski-Korsakov adına Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Konservatoriyası nəzdindəki Musiqi Texnikumunun Bəstəkarlıq şöbəsinə (B.Zeydmanın sinfi) daxil olur. Eyni zamanda Leninqrad Opera və Balet Teatrının baş dirijoru V.Dranişnikovun rəhbərliyi altında dirijor assistenti kimi işləməyə başlayır.

1938-ci ildə Leninqraddakı təhsilini müvəffəqiyyətlə başa çatdıran Ə.Bədəlbəyli Vətənə qayıdır və qardaşı Turqud Bədəlbəylinin librettosu əsasında uşaqlar üçün birpərdəli “Tərlan” balet-nağılını bəstələyir.

8 aprel 1940-cı il. Bu gün Azərbaycan musiqi mədəniyyəti tarixinə milli balet sənətinin təməlinin qoyulduğu gün kimi daxil olur. Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində Ə.Bədəlbəylinin “Qız qalası” baletinin premyerası keçirilir.

Daha sonra sənət uğurları biri-birini əvəz edir. Yeni əsərlər bəstələyir, baletlərə libretto, tamaşalara musiqilər yazır. Azərbaycan və xarici ölkə bəstəkarlarının opera və baletlərinə dirijorluq edir. O, həmçinin “İzahlı monoqrafik musiqi lüğəti”ni çap etdirir.

Ə.Bədəlbəyli 1940-cı ildə “Əməkdar incəsənət xadimi”, 1960-cı ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 1976-cı il yanvarın 6-da dünyasını dəyişib.

Lalə