O, ədəbi yaradıcılığa 55 yaşında gəlib və “Kitab yüklü eşşək” alleqorik romanı ilə adını Azərbaycan nasirləri sırasına yazdırıb. Mirzə Əbdürrəhim Talıbov yazıçılıqla yanaşı, publisist, maarifçi və xeyriyyəçi kimi də tanınıb.
Mirzə Əbdürrəhim Əbutalib Nəccar Təbrizi oğlu Talıbov 1837-ci ildə Təbriz şəhərinin Sərxab məhəlləsində dülgər ailəsində dünyaya göz açıb. İbtidai təhsilini mollaxanada alır. Sonra mədrəsədə oxuyur. Burada ərəb və fars dillərini öyrənir. O daha sonra rus dili ilə maraqlanır. Bu dili öyrənmək və təhsilini yüksəltmək məqsədilə Tiflisə gedir. Rus, ingilis və fransız dillərini öyrənir. Tiflisdə təhsil aldığı dövrdə rus sosial-demokratları və rus yazıçılarının əsərlərini oxuyur. Onların fikir və həyata baxışlarından təsirlənir. Qafqazda yol və körpülərin tikintisi ilə məşğul olan Məhəmməd Əli Xan Kaşanın kontorunda işə düzəlir. Bir müddət sonra Temirxan-Şuraya (indiki Dağıstanın Buynaksk şəhəri) köçür. Burada şəxsi yol tikintisi kontorunu açır. Qafqaz-Stavropol şose yolu çəkilməsi işi onun kontoruna verilir. Üzərinə götürdüyü iş və öhdəlikləri vaxtından əvvəl yerinə yetirir. Maddi cəhətdən imkanı yaxşılaşır. Özünə mənzil alır, şəxsi kitabxana tikdirir. Əslən Dərbənddən olan bir xanımla ailə qurur. Bir çox xeyriyyə cəmiyyətlərinə maddi yardım göstərir. Bakı və Temirxan-Şurada maarif və mədəniyyət işlərinə qayğı ilə yanaşır. Xüsusilə bu şəhərlərdə qızlar məktəbinin açılması üçün maddi yardım edir.
Mirzə Əbdürrəhim Talıbov ömrünün müdrik çağlarında müqəddəs məbədlərlə maraqlanır, həcc ziyarətində olur. 1902-ci ildə gözlərini müalicə etdirmək üçün Berlinə gedir. 1907-ci ildə Təbrizdən İranın birinci Milli Məclisinə deputat seçilir. Ancaq o, bu vəzifəni icra etməkdən imtina edir...
Araşdırmalarda qeyd edilir ki, M.Ə.Talıbov yaradıcılığa 55 yaşından sonra başlayıb. Ana dilimizi gözəl bilsə də, əsərlərini farsca yazıb. İki kitabından başqa, qalan əsərlərini öz şəxsi vəsaiti hesabına çap etdirib. “Azadlıq haqqında izahat” adlı kitabı İranda Məşrutə inqilabının qələbəsindən sonra (1906), “Talibin siyasəti” kitabı isə ölümündən bir neçə ay sonra (1911) Tehranda işıq üzü görüb.
Yazıçıya geniş şöhrət gətirən əsəri isə “Kitab yüklü eşşək” alleqorik romanıdır. Bu, müəllifin ilk bədii əsəri hesab olunur. Məlumdur ki, bu əsərə qədər dünya ədəbiyyatında alleqorik üsulla insanları tərbiyə etmək istəyən yazıçılar olub. Ancaq “Kitab yüklü eşşək” romanı əvvəlki əsərlərdən fərqli olaraq çox düşündürücüdür. Əsər Coşşanın ağasına yazdığı nəsihətlərdən ibarətdir. Sonda olan sual-cavab isə oxucuya təsirsiz ötüşmür. Əsərin qəhrəmanı Coşşa gözəl, iri gözləriylə insan övladında müşahidə etdiklərini sakitliklə ağasının üzünə çırpır.
Tanınmış yazıçı yaradıcılığının müəyyən hissəsini uşaqlara həsr edib. Onun “Talibin gəmisi”, yaxud “Əhmədin kitabı” əsəri Azərbaycan ədəbiyyatında uşaqların həyatından bəhs edən ilk kitabdır. Müəllifin özünün yazdığına görə, o, bu əsəri Jan Jak Russonun “Emil və ya tərbiyə haqqında” əsərindən təsirlənərək yazıb. Kitab müəllif və onun uydurulmuş 7 yaşlı oğlu arasında baş verən dialoqlardan ibarətdir. Burada oğulun ataya sualları ilə tarixi, elmi, siyasi və dini məsələlərə aydınlıq gətirilir.
M.Ə.Talıbovun “Xeyirxahların yolu”, “Həyat məsələləri” və digər əsərləri də maraqla qarşılanıb. “Xeyirxahların yolu” əsərində əsas personaj mühəndislər Mustafa və Hüseyn, həkim Əhməd və kimya müəllimi Məhəmməddir. Onlara Dəmavənd dağına getmək və burada araşdırmalar aparıb hesablamalar etmək tapşırılır. Yolboyu onlara müctəhid, dərviş və çəkməçi rast gəlir. Tədqiqatçıların qarşısına çıxanlar nədənsə öz siyasi, sosial problemlərini dilə gətirməyə, birləşərək islahatlar aparmağa çəkinirlər... Müəllif təsvir etdiyi dialoqlarda İranın şah rejiminə, ölkədə baş verən sosial və siyasi problemlərə toxunur. Qabaqcıl ideyalar, xeyirxah əməllər təbliğ olunur.
Mirzə Əbdürrəhim Talıbov 11 mart 1911-ci ildə Dağıstanda, Temirxan-Şura şəhərində vəfat edib.
Savalan Fərəcov