Xəbər verdiyimiz kimi, 20-21 iyun tarixlərində Ankarada Avropa Milli Kitabxanaları Konfransı – CENL-in 36-cı illik toplantısı keçirilib. Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov toplantıda çıxış edib.
Milli Kitabxanadan bildirilib ki, Kərim Tahirov çıxışında kitabxananın fəaliyyəti və son illərdə Mədəniyyət Nazirliyi ilə birgə, Heydər Əliyev Fondunun fəal dəstəyi ilə həyata keçirdiyi layihələrdən bəhs edib.
Direktor bu xüsusda son illər ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşdırılan “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində Nizami, Nəsimi, Xətai, Tusi kimi dahi şair və mütəfəkkirlərimizin irsi ilə bağlı müxtəlif ölkə kitabxanalarında mühafizə olunan əlyazmaların digital nüsxələrinin respublikaya gətirilməsindən söz açıb. Kərim Tahirov, eyni zamanda fürsətdən istifadə edərək ötən il Nizami Gəncəvinin qiymətli əlyazmalarının elektron nüsxələrini Azərbaycan Milli Kitabxanasına təqdim etdiklərinə görə Türkiyə, Almaniya, Böyük Britaniya, Çexiya, Albaniya, Avstriya, Macarıstan və digər Avropa ölkələrinin milli kitabxana direktorlarına təşəkkürünü bildirib.
Direktor çıxışı zamanı 2023-cü ilin payızında Bakıda Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinin qeyd olunacağını bildirərək, bütün CENL üzvü olan milli kitabxana direktorlarını bu yubileyə dəvət edib. CENL-in prezidenti, Almaniya Milli Kitabxanasının baş direktoru Frank Şoltse (Scholze) professor Kərim Tahirova təşəkkürünü bildirərək dəvəti məmnuniyyətlə qəbul etdiklərini söyləyib.