Şavkat Mirziyoyev: “Heç bir niyyətimiz, amalımız mədəniyyətsiz, mədəniyyətlə təmasda olmadan reallaşa bilməz”

 

Mədəniyyətimiz, incəsənətimiz, ümumiyyətlə, xalqlarımızın kökləri birdir. Bu gün Azərbaycan dilində oxunan mahnılar, nəğmələr sanki Azərbaycan müğənniləri tərəfindən ifa olundu. Bu, nəyi göstərir? Xalqlarımızın birliyini.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri iyunun 22-də Özbəkistanın Xivə şəhərində həmkarı Şavkat Mirziyoyevlə birgə özbək sənətçiləri ilə söhbət edərkən deyib.

Xatırladaq ki, iyunun 21-də Özbəkistana dövlət səfərinə gedən Prezident İlham Əliyev paytaxt Daşkənddə keçirilən görüş və tədbirlərdən sonra ertəsi gün Xarəzm vilayətinin inzibati mərkəzinə – ölkənin qərbindəki Ürgənc şəhərinə gəlib. Hava limanında İlham Əliyevi Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev qarşılayıb. Sonra prezidentlər Xarəzm vilayətinin Xivə şəhərinə gediblər.

Xivə şəhərində Prezident Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Prezidentinin şərəfinə qəbul təşkil edilib.

Qəbulda konsert proqramı təqdim olunub. Dövlət başçıları Özbəkistan incəsənət ustalarının çıxışlarını dinləyib, onlarla söhbət ediblər.

Prezident Şavkat Mirziyoyev sənətçilərə maraqlı konsert proqramına görə minnətdarlığını bildirərək deyib: “Biz dünəndən dostluğumuz, əlaqələrimiz haqqında danışır və müzakirələr aparırıq. Lakin bu gün bizə bunu əməli olaraq sənət ilə göstərdiniz. Son illər bizim mədəniyyətimizə, tariximizə, ümumiyyətlə, makomumuza və muğamımıza ehtiramla yanaşmağımız təqdirəlayiqdir. İllər ötəcək, əsrlər keçəcək və gələcəkdə siz bu mədəniyyətin iştirakçıları olacaqsınız. Övladlarınız, qonşularınız, dostlarınız həmişə bu mədəniyyət ilə təmasda olacaqlar”.

Özbəkistan Prezidenti qeyd edib ki, iki xalqın mədəniyyətinin, tarix və soykökünün tərənnümü olan konsert proqramı bizim birliyimizi göstərir.

Prezident İlham Əliyev Daşkənddə, eləcə də Xarəzm vilayətində, Xivədə olmaqdan məmnunluğunu bildirərək deyib: “Dünən və bu gün bir daha gördüm ki, xalqlarımız bir-birinə nə qədər yaxındır. Mədəniyyətimiz, incəsənətimiz, ümumiyyətlə, xalqlarımızın kökləri birdir...”.

İlham Əliyev vurğulayıb ki, bu gün yeni Özbəkistanı mən özüm üçün kəşf etdim: “Yeni Özbəkistanın həyatı uğurlu olsun, xeyirli olsun. İnşallah, hamımız – özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq”.

Şavkat Mirziyoyev Prezident İlham Əliyevlə aparılan danışıqların əhəmiyyətini vurğulayaraq ikitərəfli əlaqələrdə mədəniyyətin müstəsna yeri olduğunu bildirib: “Gələcək əməkdaşlığımızla bağlı böyük planları müzakirə etdik. Mən bir məsələni sizlərə bildirmək istəyirəm ki, iqtisadiyyat, siyasət vacibdir, lakin bizi birləşdirən əsas dəyər mədəniyyətdir. Düşünürəm ki, bizləri birləşdirən möhkəm vasitə mədəniyyətdir. Biz razılaşdıq ki, heç olmasa, üç aydan bir qarşılıqlı səfərlər reallaşdıraq, gediş-gəlişi artıraraq mədəni birliyimizi yeni müstəviyə qaldıraq”.

Özbəkistan rəhbəri Azərbaycan Prezidenti ilə bu ilin noyabrında Səmərqənddə yenidən görüşmək barədə razılaşdıqlarını deyərək incəsənət ustalarına həmin görüşədək Azərbaycan muğamları və özbək makomlarından ibarət konsert proqramı hazırlamağı tövsiyə edib: “Muğam və makom sənətinə dair Füzuli, Nəvai şeirləri əsasında birgə konsert təşkil etmək necə də gözəl olar. Düşünürəm ki, buna bir ay hazırlaşsanız, nə qədər yüksək nəticə əldə edə bilərsiniz. Heç bir niyyətimiz, amalımız mədəniyyətsiz, mədəniyyətlə təmasda olmadan reallaşa bilməz”.

Prezident İlham Əliyev həmkarı Şavkat Mirziyoyev ilə birlikdə Özbəkistanın qədim mədəniyyət mərkəzi Xivə şəhərinin məşhur məkanlarını da ziyarət edib.

Dövlət başçıları Xivə şəhərində “Nurullaboy” saray kompleksinə baş çəkiblər. Bildirilib ki, əzəməti və gözəlliyi ilə məşhur olan “Nurullaboy” saray kompleksi Xivə xanı II Məhəmməd-Rəhimbayanın əmri ilə 1906-1912-ci illərdə tikilib. Dörd hissədən ibarət saray kompleksinə ümumilikdə 100-dən çox zal və otaq daxildir. Qala divarı üzərində yarımdairəvi qüllələr ucaldılıb. Rusiya imperatoru II Nikolay kompleksin tikintisi başa çatdıqdan sonra saraya iki çilçıraq və kiçik bir elektrik stansiyası bağışlayıb.

“Nurullaboy” sarayı milli və Avropa memarlıq üslublarının vəhdəti əsasında inşa olunub. Bu da həmin dövrdə şəhərsalma sahəsində üstünlük təşkil edən üslubla əlaqədardır. Qızılı və rəngli rəsmlərlə örtülmüş məşhur Xivə oymaları sarayın cəlbediciliyini daha da artırır. Saray kompleksində daimi rəsm sərgiləri fəaliyyət göstərir, tarixi sənədlər, milli geyim nümunələri nümayiş olunur.

Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Xivə şəhərində İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyində də olublar. Məlumat verilib ki, İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi 1920-ci ildə yaradılıb. 1969-cu ildə tarixi İçan-Qala şəhəri muzey-qoruq elan edilib. Xivə şəhəri qədim Xivə xanlığının paytaxtı olub.

İçan-Qala da daxil olmaqla, Xivə şəhəri 1990-cı ildə UNESCO-nun Dünya irs siyahısına daxil edilib. Sarayı gəzdikcə divarlarda diqqətçəkən mavi ornamentlər göz oxşayır, insan bir anlıq özünü Orta əsrlər saray dövründə təsəvvür edir. Muzeyin fondunun əsasını xan dəftərxanasının sənədləri və sarayın müxtəlif əşyaları təşkil edir. Ümumi sahəsi 26 hektar olan muzeydəki ekspozisiyalar Özbəkistanın qədim tarixini və müasir dövrünü əlaqələndirir. Burada Xivə xanlığının, qədim Xarəzmin tarixi, etnoqrafiyası, sənət nümunələri, müxtəlif kolleksiyalar ilə bağlı 14 stasionar muzey və ekspozisiyalar var.

 

“Biz güclü olanda məcbur edəcəyik ki, bizə hörmət etsinlər”

 

Qeyd edək ki, prezidentlərin iyunun 21-də Daşkənddə keçirilən görüşündə də iki ölkə arasında mədəni-humanitar əlaqələrin əhəmiyyəti vurğulanıb.

Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimindən sonra Şavkat Mirziyoyev mətbuat üçün bəyanatında qeyd edib ki, iki ölkənin münasibətlərinin əsasını ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyətlər və dil təşkil edir: “Xalqlarımızı çoxəsrlik tarix bağlayır. Əhməd Fərqaninin və Əbu Reyhan Büruninin elmi əsərlərində Azərbaycanın bir çox şəhərləri xatırlanır, bu şəhərlərdə Şərq və Qərb sivilizasiyaları bir-birinə qarşılıqlı təsir göstərir. Bizim Şərqşünaslıq İnstitutunun fondlarında Nizami, Xaqani, Tusi, Füzuli, Xətai və bir çox başqa Azərbaycan şairlərinin və mütəfəkkirlərinin onlarca nadir əlyazmaları qayğı ilə qorunub saxlanır. Füzulinin əlyazmalarından birini mən bu gün hörmətli İlham Heydər oğluna hədiyyə etdim. Fikrimcə, bu, bizim sərvətimizdir. Özbəkistanda belə əlyazmalar çoxdur. Bu, bir daha onu göstərir ki, özbək xalqı əsrlər boyu Azərbaycan mədəniyyətinə böyük hörmət və maraq bəsləyib. Xüsusi qeyd etmək istəyirəm ki, özbək ədəbiyyatının və poeziyasının banisi Əlişir Nəvai böyük Nizami Gəncəvinin əsərlərindən ilham alırdı, Nizamini “şairlərin şahı” adlandırırdı. O, Nizamiyə belə qiymət verirdi”.

Özbəkistan Prezidenti bildirib ki, mədəni-humanitar sahədə də bizi qədimdən bağlayan ümumi cəhətlər çoxdur: “Özbəkistanda Azərbaycan muğamını, Azərbaycanda isə bizim makomları nəinki məmnuniyyətlə dinləyir, həm də ifa edirlər. Azərbaycan və özbək estradası hər iki ölkədə çox populyardır. Biz azərbaycanlı dostlarımıza təşəkkür edirik ki, bu yaxınlarda Bakıda Əlişir Nəvainin məşhur ədəbiyyatşünas Ramiz Əskər tərəfindən tərcümə edilmiş kitabları nəşr edilib. Özbəkistanda da Azərbaycan klassiklərinin və müasir yazıçılarının əsərləri müntəzəm olaraq nəşr edilir...”.

Şavkat Mirziyoyev Azərbaycan Prezidenti ilə danışıqlar zamanı qarşılıqlı mədəniyyət və kino günlərinin keçirilməsi, humanitar və turizm mübadiləsi proqramının fəal inkişafı barədə razılığa gəldiklərini də diqqətə çatdırıb.

“Biz, həmçinin beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi apardıq, hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində planlar cızdıq... Beləliklə, bir daha demək istəyirəm, biz hər şeyi edirik ki, güclü Özbəkistan və güclü Azərbaycan olsun. Onlar güclü olanda məcbur edəcəyik ki, bizə hörmət etsinlər və bundan ötrü bizim hər cür əsasımız var”, – deyə Şavkat Mirziyoyev vurğulayıb.

Prezident İlham Əliyev də bəyanatında səfər zamanı ikitərəfli münasibətlərin geniş spektrinin diqqət mərkəzində olduğunu vurğulayıb. Səfərin Daşkəndin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanın açılışı ilə başlanmasının əlamətdar hadisə olduğunu deyən dövlət başçısı qeyd edib ki, Heydər Əliyev Azərbaycana rəhbərliyi zamanı Özbəkistanla münasibətlərə böyük önəm verib: “Mən atamın işinin davamçısı kimi, Azərbaycan Prezidenti kimi öz fəaliyyətimdə bizim ikitərəfli münasibətlərə daim xüsusi diqqət ayırıram. Bugünkü dövlət səfəri bunun əyani təsdiqidir”.

Prezident həmkarı Şavkat Mirziyoyev ilə imzaladığı “Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə”nin önəmini xüsusi qeyd edib: “Bu, mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir. Orada xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. Hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlığı xüsusi qeyd etmək istərdim. Bu sahə hər bir ölkə üçün, xüsusən bizim ölkələr üçün prioritet əhəmiyyət kəsb edir. Bizim yerləşdiyimiz regionlar təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmlənməsi məsələlərinə gündəlik diqqət tələb edir...”.