Xəbər verdiyimiz kimi, 23-27 iyun tarixində Belarus Respublikasının Mogilyov vilayətinin Bobruysk şəhərində keçirilən “Dostluq çələngi” Beynəlxalq Teatr Festivalında Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da iştirak edir. Teatr festivala rus yazıçısı Fyodor Dostoyevskinin “Utancaq qız” fantastik povesti əsasında hazırlanan eyniadlı monotamaşa ilə qatılıb.
Səfər zamanı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının heyəti Mogilyov vilayətindəki V.İ.Dunin-Martsinkeviç adına Dram və Komediya Teatrında olub.
Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin Mogilyov vilayət teatrının direktoru Veronika Vinel ilə görüşündə iki sənət ocağının əlaqələrinə dair fikir mübadiləsi aparılıb. Teatrlar arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
“Müqavilədə yaradıcılıq əlaqələri, rejissor, aktyor, rəssam mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda iki ölkə dramaturqlarının əsərlərinin səhnəyə qoyulması kimi məsələlərlə bağlı söhbətlər apardıq”, – deyə Əliqismət Lalayev əldə olunan razılaşma barədə deyib.
Direktor səfər zamanı Mogilyov vilayətindəki azərbaycanlı diasporu ilə görüşdüklərini də bildirib.
Qeyd edək ki, Akademik Musiqili Teatrın “Utancaq qız” monotamaşası "Dostluq çələngi" festivalında iyunun 25-də nümayiş olunub. Əməkdar artist Şövqi Hüseynov oynadığı monotamaşa maraqla qarşılanıb. Tamaşaya Xalq artisti Cənnət Səlimova quruluş verib.