Sentyabrın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə Humanitar Kollecdən məlumat verilib.
Əvvəlcə kollecin 44 günlük Vətən müharibəsində canından keçən altı şəhidinin xatirə lövhəsinin önünə tər güllər düzülüb, həmin şəhidlər haqqında hazırlanmış videoçarx nümayiş etdirilib. Eyni zamanda, kollecin foyesində tələbələrin 27 Sentyabr - Anım Gününə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi keçirilib.
Humanitar Kollecin akt zalında davam edən tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən kollecin direktoru Nərmin Qaralova vurğulayıb ki, 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərinin qanı yerdə qalmadı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi.
Kollecin direktoru Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs edərək sentyabrın 27-nin Azərbaycan tarixində hər zaman qürur günü kimi xatırlanacağını diqqətə çatdırıb.
Daha sonra Humanitar Kollecin tələbələrinin Samir Qulamovun “Bir nəfəs qədər” pyesi əsasında hazırladıqları eyniadlı tamaşanın nümayişi baş tutub. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Əmrah Dadaşovun quruluş verdiyi səhnə əsərində oğlunun şəhid olduğuna inanmayan, daim onun yolunu həsrətlə və böyük ümidlərlə gözləyən ananın obrazı canlandırılır. Ana inanır ki, oğlu nə vaxtsa qayıdacaq. Qaranlıq, uzun gecələrin birində ana sanki arzusuna çatır. Əslində isə xəyal və gerçəklik arasında ciyərparasının yoxluğu ilə barışmaq məcburiyyətində qalır...
Tədbir şəhid analarının çıxışı ilə yekunlaşıb.