Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) idarə heyəti ölkədə kino sahəsinin inkişafı və qarşıda duran problemlərin həlli üçün birgə səylərin vacibliyini vurğulayan bəyanat yayıb.

Bəyanat sentyabrın 26-da AKİ idarə heyətinin iclasında qəbul edilib.

Bəyanatda deyilir ki, AKİ idarə heyəti “Azərbaycanfilm” kinostudiyasının kino istehsalı sahəsində flaqman statusunun saxlanılmasını, tez bir zamanda studiyada istehsalın bərpa edilməsini vacib sayır. Kinostudiyanın dövlət maliyyələşməsinin Satınalma Agentliyinin (Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi – red.) tələblərinə cavab verməsi üçün bu maliyyələşmənin “Azərbaycanfilm”in  təsis etdiyi kommersiya şirkəti və ya partnyor şirkət tərəfindən aparılması məqsədəuyğun sayılır.

Həm “Azərbaycanfilm”, həm də özəl studiyaların fəaliyyətinin inkişafı üçün 1998-ci ildə qəbul edilmiş “Kino haqqında qanun” və 1997-ci ildə qəbul edilmiş Nazirlər Kabinetinin 38 nömrəli qərar günün tələblərinə uyğunlaşdırılmalıdır. Milli filmlər telekanalının yaradılması həm kinomuzun tamaşaçı sayının artması, həm də filmlərin gəlirliliyinin təmin edilməsi üçün uğurlu bir vasitə kimi təklif edilir.

“AKİ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin türk dövlətlərinin birgə kino istehsalı istiqamətində atdığı addımları dəstəkləyir və “Molla Nəsrəddin” tammetrajlı bədii filminin maliyyələşdirilməsini və istehsalına şəraitin yaradılmasını müsbət addım kimi qeyd edir, layihənin uğurla reallaşması üçün bütün dəstəyin göstərilməsini vacib sayır. Türk respublikaları ilə birgə istehsalın davamı kimi bir neçə ildir aidiyyəti orqanlara təqdim edilmiş Xalq yazıçısı Anarın “Dədə Qorqud” ssenarisinin kinomuzun beynəlxalq əlaqələrinin formalaşması və gənc nəslin milli ruhda tərbiyəsi üçün mühüm bir layihə olduğunu vurğulamaqla, ekranlaşdırılmasını vacib hesab edirik”, – deyə bəyanatda daha sonra bildirilir.

AKİ Prezident İlham Əliyevin sərəncamı ilə Kino Agentliyinin (Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) – red.) yaradılmasını idarəçilik institutu olaraq yeganə düzgün yol olduğunu qeyd edir. Bununla yanaşı, agentliyin nizamnaməsində təsbit olunmuş strukturların tam formalaşması, rəhbərliyin təyin olunması bə agentliyin fəaliyyətinə normal şəraitin yaradılmasının vacibliyi vurğulanır. Agentliyin tələbə filmlərinin maliyyələşdirilməsi təşəbbüsü müsbət hal kimi qeyd edilir. Bildirilir ki, xüsusilə layihə və ssenari müsabiqələrinin ildə iki dəfədən az olmayaraq keçirilməsi təmin edilməli, kadr seçimində kino təcrübəsi və kino təhsili olan mütəxəssislərə üstünlük verilməlidir.

İdarə heyəti Azərbaycan Respublikası Prezidentinin daxili və xarici siyasətinin tərkib hissəsi olaraq milli kinomuzun milli dəyərlərə bağlı nəslin yetişdirilməsi və beynəlxalq kino arenalarında ölkəmizə qarşı törədilə biləcək təxribatlara qarşı işin aparılmasında mühüm rolunu qeyd edir. Türk respublikaları, Avropa ölkələri ilə birgə istehsalatın dəstəklənməsi, ölkəmizdə film istehsalı həcminin pandemiyaya qədərki göstəriciləri səviyyəsində bərpa olunması vacib sayılır. Bu məqsədlə AKİ aidiyyəti orqanları kino zallarının sayının artırılması istiqamətində investisiyaları dəstəkləməyə çağırır. Yeni nəslin mənəvi dəyərlərlə formalaşması məqsədilə uşaq kinosunun inkişafı üçün Dövlət Proqramının qəbul edilməsinin zəruriliyi də qeyd edilir.

AKİ kino tariximizin qızıl illərinin kinematoqrafçılarla ədəbiyyatımızın sıx əlaqədə olduğunu təsbit edir, bu əlaqələrin bərpası və inkişaf etdirilməsi üçün yaradıcı ittifaqların və Mədəniyyət Nazirliyinin birgə işini vacib sayır. Bununla yanaşı, AKİ özəl investisiyaların kinomuza axınını təmin etmək üçün, İqtisadiyyat Nazirliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə “Biznes və kino” forumunun təşkilini və bunun işlək bir platformaya çevrilməsinin vacib məsələ olduğunu diqqətə çatdırır.

AKİ Azərbaycanın tarixi Zəfərinin beynəlxalq kino meydanlarında təntənəsi, sağlam ruhlu yeni nəslin tərbiyəsi, kinomuzun qarşısında duran problemlərin həlli üçün aidiyyəti orqanları, kino ictimaiyyətini konstruktiv və həmrəy ruhda işbirliyinə çağırır.

***

Onu da qeyd edək ki, AKİ idarə heyətinin iclasında quruma yeni üzvlərin qəbulu və katiblərin təyinatı məsələsinə də baxılıb.

AKİ idarə heyətinin sədri Rasim Balayev, ittifaqın nizamnaməsinin müvafiq bəndinə əsasən, katibləri təyin edib.

Şəfiqə Məmmədova AKİ idarə heyətinin birinci katibi, Əli İsa Cabarov icraçı katib təyin olunub.

Daha 12 nəfər AKİ idarə heyətinin katibi təyin olunub: Anar (Rzayev), Nadir Bədəlov, Akif Əli, Tahir Əliyev, Türkan Hüseynova,  Vaqif Mustafayev, Baba Vəziroğlu, Ramiz Mirzəyev, Həmidə Ömərova, Oleq Səfərəliyev, Mirbala Səlimli, Ziya Şıxlinski.