Milli Kitabxanada “27 sentyabr - Anım Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan bildirilib ki, virtual sərgidə Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, mövzu ilə əlaqədar fotolar, kitablar və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/27_sentyabr-Anim_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə qazanılan Qələbədən, hərb tarixində misli-bərabəri olmayan, görünməmiş hərbi taktikadan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyasından, Azərbaycan tarixində öz amalları, əməlləri ilə bir ömür boyu unudulmayacaq dərin izlər qoyan igid, qorxmaz, cəsur Vətən oğullarının – qəhrəmanlarımızın sevincli-kədərli həyat hekayələri, şərəfli döyüş yolları və göstərdikləri şücaətlərdən bəhs edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.
Ənənəvi sərgi bir həftə davam edəcək.
***
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 27 Sentyabr - Anım Günü münasibətilə ənənəvi və virtual kitab sərgisi təşkil edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitabxananın rəsmi saytında yerləşdirilən virtual sərgidə Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, diplomatik bacarığı, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində qazanılan şanlı Zəfər tarixinə nəzər salınır, o günlərin xronologiyası canlandırılır. Virtual sərgidə müharibənin ilk günlərinin foto və videogörüntüləri, Prezident İlham Əliyevin televiziya çıxışlarından fraqmentlər təqdim edilir.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Azərbaycan tarixinin ən parlaq və şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsi haqqında 2020-ci ildən bu günə kimi nəşr edilən “Zəfər salnaməsi”, “Zəfər tariximiz”, “Qəhrəmanlıq salnaməsi”, “Vətən müharibəsi.Gəncə şəhidləri”, “44 günlük diplomatiya dərsləri”, “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru”, “44 gün anbaan”, “Zəfər memuarları”, “Böyük qayıdış” kimi 20-ə yaxın kitabın qısa annotasiyası, dövrü mətbuat nümunələri yer alır.
Sərgi ilə yaxından tanış olmaq üçün linkə https://ryl.az/multimedia/anim-gunu keçid edə bilərsiniz.
Bununla yanaşı Respublika Gənclər Kitabxanasında “27 Sentyabr - Anım Günü” adlı ənənəvi kitab sərgisi də təşkil edilib. Sərgidə 44 günlük Vətən müharibəsindən bəhs edən kitablar, kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Dövlətçilik tariximizin ən parlaq səhifəsi” adlı məlumat bülleteni sərgilənməkdədir.
“Dövlətçilik tariximizin ən parlaq səhifəsi” adlı bülletendə 44 günlük Vətən müharibəsi haqqında nəşr edilmiş 43 adda ( 30 Azərbaycan, 6 türk, 4 rus, 3 ingilis dilində) elmi, siyasi, tarixi, publisistik, bədii kitabların şəkilləri və annotasiyalı biblioqrafik təsvirləri, rəsmi sənədlər, 207 adda (125 Azərbaycan, 83 rus dilində) dövri mətbuatda çıxan məqalələrin təsvirləri, Vətən müharibəsinə dair şeirlər toplanıb. Kitab təsvirləri əlifba ardıcıllığı ilə, dövri mətbuat materialları əks xronoloji qaydada verilib.