Azərbaycan Mədəniyyəti Günlərində iştirak etmək üçün Astanada səfərdə olan nümayəndə heyəti ölkəmizin Qazaxıstandakı səfirliyində 44 günlük Vətən müharibəsinin başlanmasının 4-cü ildönümü, 27 Sentyabr – Anım Günü münasibətilə şəhidlərimizin xatirəsini yad ediblər.
Tədbir iştirakçıları səfirliyin binasında Ulu öndər Heydər Əliyevin abidəsinin ününə tər çiçəklər düzərək əziz xatirəsini ehtiramla anıblar. Sonra şəhidlərimizlə bağlı yaradılmış xatirə guşəsinin qarşısına çiçəklər düzülüb.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış edərək Anım Gününün tarixi əhəmiyyətindən söz açıb. Bildirib ki, bu tarix Azərbaycan dövlətinin gücünün və xalqımızın birliyinin təzahürüdür. 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu qısa müddət ərzində 30 il Ermənistanın işğalı altında olan ərazilərimizi azad edərək şanlı Qələbə qazanıb. “Xalqımıza əbədi Zəfər ruhu bəxş edən şəhidlərimizi rəhmətlə anırıq. Qəhrəman Vətən övladlarının fədakarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bu gün xaricdə yaşayan bütün soydaşlarımız şəhidlərin xatirəsini böyük ehtiramla anırlar. 27 Sentyabr tarixi Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaq”, – deyə nazir qeyd edib.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və digər çıxış edənlər Vətən yolunda canını fəda edən şəhidlərimizin qanının yerdə qalmadığını, ölkəmizin sərhədlərinin bütövləşdiyini və Qarabağdakı erməni separatizminin kökünün birdəfəlik kəsildiyini bildiriblər.