İyulun 5-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Məchul pilləkən” balet-tamaşasının premyerası olacaq.

Bəşəriyyətin ən qorxulu bəlası olan narkomaniya, eyni zamanda zərərli vərdişlərə qarşı  təbliğat vasitəsi kimi nəzərdə tutulan səhnə əsərinin quruluşçu baletmeysteri və solo partiyanın ifaçısı gənc balet artisti Məhəmməd Abdullayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Vüsal Rəhimdir. Tamaşanın ideya müəllifi teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

Gənclərə ismarış xarakteri daşıyan balet-tamaşanın süjet xəttində pis vərdişlərə düçar olmuş bir gəncin bütün maneələrə baxmayaraq ağ ölümlə mübarizəsi və sonda xeyir və şər qüvvələrin çəkişməsi fonunda iradəsinin təntənəsi nümayiş olunur.

Tamaşada əsas rolu Əməkdar artist Viktoriya Şahmuradova, solo partiyaları Məhəmməd Abdullayevlə yanaşı, balet artisti Roman Krasnov oynayır. Kütləvi səhnələrdə teatrın balet truppasının digər üzvləri – Aynurə Əsgərova, Rəbiyyə Əliyeva, Röya Mehrəlizadə, Elvira Əzizova, Anna Cabbarova, İlona Sementsova, Aygül Həsənova, İranə Kərimova, Kamran Həsənov və Yaqub Bəhramov çıxış edirlər.

Səhnə əsərində xarici bəstəkarların musiqilərindən, eləcə də Əməkdar artist Sevda Ələkbərzadənin ifasında “Getmə-getmə” mahnısından istifadə edilib. Samir Qulamovun ifasında Xalq şairi Ramiz Rövşənin şeirlərindən ibarət kompozisiya səsləndirilir.