İsmayıllı Rayon İcra Hakimiyyəti və İsmayıllı RMİ-nin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzində yazıçı-jurnalist Yusif Məhəmmədoğlunun “İsmayıllının Zəfər şəhidləri” kitabının təqdimatı keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərindəki abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.

Mədəniyyət Mərkəzində davam edən tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himnimiz səsləndirilib.

Tədbirdə çıxış edən şəhid ailələri kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlıqlarını bildirib, nəşrin gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində əhəmiyyətini vurğulayıblar.

Müəllif Yusif Məhəmmədoğlu deyib ki, “İsmayıllının Zəfər şəhidləri” kitabında 44 günlük Vətən müharibəsində canını fəda etmiş İsmayıllı şəhidlərinin döyüş yolundan və qəhrəmanlıqlarından bəhs olunub.

Sonra “Niyal” instrumental ansamblının ifasında konsert proqramı təqdim edilib və məktəblilər vətənsevərlik mövzusunda şeirlər səsləndiriblər.