Azərbaycan
29 iyun 1958 – Əməkdar artist Elçin Qəzənfər oğlu Həmidov (1958 – 4.3.2011) Bakıda doğulub. Musiqili Komediya Teatrının aktyoru olub.
30 iyun 1812 (yeni təqvimlə 12 iyul) – Mütəfəkkir yazıçı, dramaturq Mirzə Fətəli Axundzadə (1812 – 10.3. 1878) Şəkidə anadan olub. Yaradıcılığa şeirlə başlayıb. 1850-1855-ci illərdə yazdığı altı komediya (“Molla İbrahimxəlil kimyagər”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Lənkəran xanının vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə milli dramaturgiyanın, 1857-ci ildə qələmə aldığı “Aldanmış kəvakib” povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub.
29 iyun 1934 – Azərbaycan Bəstəkarlar İttifaqı yaranıb. Asan Refatov ittifaqın idarə heyətinin sədri seçilib. Krım tatarı A.Refatov Azərbaycan Dövlət Konservatoriyasında təhsil almış, dərs demiş, 1931-ci ildə prorektor təyin edilmişdi. O, Bəstəkarlar İttifaqına bir il rəhbərlik etdi, 1937-ci ildə repressiya olundu.
1 iyul 1893 – Tanınmış heykəltəraş, Azərbaycanın Əməkdar incəsənət xadimi, SSRİ Xalq rəssamı Pinxos (Pyotr) Vladimiroviç Sabsay (1893-1980) Odessada doğulub. 1926-cı ildən Bakıda yaşayıb. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində dərs deyib. M.F.Axundzadənin, əmək qəhrəmanları və mədəniyyət xadimlərinin heykəl və büstlərinin müəllifidir.
1 iyul 1925 – Ədəbiyyatşünas alim, professor Pənah İmran oğlu Xəlilov (1925-2019) Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində doğulub. “Azərbaycan sovet ədəbiyyatı tarixi”nin həmmüəllifidir. Rus dilindən ədəbi tərcümələr edib.
1 iyul 1937 – Əməkdar mədəniyyət işçisi, aşıq İsfəndiyar Adil oğlu Rüstəmov (1937 – 9.2.2018) Gədəbəy rayonunun Gərgər kəndində doğulub. Gədəbəydə ilk aşıq ansamblını yaradıb, müxtəlif festivallarda respublikamızı təmsil edib.
Dünya
29 iyun 1798 – İtalyan şairi, filosof Cakomo (Giacomo) Leopardi (1798-1837) anadan olub.
29 iyun 1900 – Fransız yazıçısı, şair Antuan de Sent-Ekzüperi (Antoine Marie Roger Vicomte de Saint-Exupery; 1900-1944) anadan olub. Peşəkar təyyarəçi olub. “Gecə uçuşu”, “Balaca şahzadə”, “Qəsr” romanları və s. əsərlərin müəllifidir.
30 iyun 1789 – Fransız rəssamı Horas Verne (Horace Emile Jean Vernet; 1789-1863) anadan olub. Müharibə mövzusunda tabloların müəllifi və portret ustası kimi tanınıb.
30 iyun 1911 – Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1980) Çeslav Miloş (Czeslaw Milosz; 1911-2004) anadan olub.
30 iyun 1918 – Amerika aktrisası, “Oskar” mükafatçısı Süzen Heyuord (Susan Hayward, əsl adı Edythe Marrenner; 1918-1975) anadan olub.
1 iyul 1646 – Alman idealist filosofu, tarixçi, dilçi və riyaziyyatçı Qotfrid Vilhelm Leybnis (Gottfried Wilhelm Leibniz; 1646-1716) anadan olub.
1 iyul 1804 – Fransız yazıçısı Jorj Sand (George Sand (əsl adı: Amandina Avrora Düpen – Amantine-Aurore-Lucile Dupin de Francueil); 1804-1876) anadan olub. Romanları: “Roz və Blanş”, “İndiana”, “Konsuelo” və s.
1 iyul 1902 – Amerika rejissoru Vilyam Vayler (William Wyler; 1902-1981) anadan olub. “Roma tətili”, “Həyatımın ən yaxşı illəri” və s. filmləri çəkib, üç dəfə “Oskar”a layiq görülüb.
1 iyul 1909 – Gürcü aktyoru, SSRİ Xalq artisti Serqo Zakariadze (1909-1971) Bakıda doğulub. “Keto və Kote”, “Əsgər atası” və s. filmlərdə çəkilib.
Hazırladı: Vüqar Orxan