Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

397 il əvvəl...

30 iyun 1625-ci ildə növbəti Səfəvi-Osmanlı müharibəsi (1623-1639) gedişində Şah Abbasın qoşunları gürcü çarlıqlarının birləşmiş qüvvələrinə qalib gəlib, bölgəni yenidən nəzarətə götürüb. Gürcüstan uğrunda mübarizə aparan türk (Osmanlı) qoşunları bölgəni tərk etməyə məcbur olub. 1639-cu ildə imzalanan Qəsri-Şirin sülh müqaviləsinə görə, Osmanlı dövləti Cənubi Qafqazın Səfəvilərin hökmranlığına keçməsini qəbul etdi.

 

108 il əvvəl...

28 iyun 1914-cü ildə Sarayevoda (Bosniyanın paytaxtı) Avstriya taxt-tacının vəliəhdi Frans Ferdinand serb millətçiləri tərəfindən qətlə yetirilib. Terror aktı “Mlado Bosna” qrupu tərəfindən həyata keçirilmişdi. Təşkilatın başçıları Danila İliç və Qavrila Prinsip tutularaq edam edildilər. Bu qətl I Dünya müharibəsinin başlanmasına bəhanə kimi tarixə düşüb. 1914-cü il avqustun 1-də Avstriya-Macarıstan Serbiya üzərinə hücum etdi, Rusiya Serbiyanın müdafiəsinə qalxdı, bunun ardınca Almaniya Avstriya-Macarıstanın tərəfində müharibəyə qoşuldu.

 

103 il əvvəl...

28 iyun 1919-cu ildə I Dünya müharibəsinə (1914-1918) rəsmən son qoyan Versal (Fransa) sülhü imzalanıb. Bu, əslində, Almaniyanın kapitulyasiyasına dair saziş idi. Sazişə əsasən, Almaniya Elzas-Lotaringiyanı Fransaya (almanlar onu 1870-ci ildə ələ keçirmişdi), Eypen-Malmedi bölgəsini Belçikaya, Poznanı və Qərbi Prussiyanın bir hissəsini Polşaya qaytardı. Bundan əlavə, Almaniya Dansiq (Qdansk) və Memel (Klaypeda) şəhərlərinə müstəqil idarəçilik verməli oldu (sonradan biri Polşaya, digəri Litvaya birləşdirildi). Şlezviq və Sileziyanın bir hissəsi Danimarka və Çexoslovakiyaya keçdi. Bütövlükdə Almaniya 1914-cü ilədək olan ərazisinin 13 faizini itirdi, hərbi donanması əlindən alındı. Tarixçilərə görə, məhz həddən artıq ədalətsiz olan Versal sülhü Almaniyada revanşizm və faşizmi meydana gətirdi.

 

66 il əvvəl...

30 iyun 1956-cı ildə Sov.İKP MK-nın “Şəxsiyyətə pərəstiş və onun nəticələrinin aradan qaldırılması haqqında” xüsusi qərarı dərc olunub. Partiyanın 20-ci qurultayının (14-25 fevral 1956-cı il) nəticələrinə əsasən qəbul edilən qərar 1922-1953-cü illərdə SSRİ-yə rəhbərlik etmiş İ.Stalinin yeritdiyi şəxsiyyətə pərəstiş siyasətini ifşa edirdi.

 

62 il əvvəl...

30 iyun 1960-cı ildə Belçikanın Afrikadakı müstəmləkəsi olan Konqo müstəqilliyini elan edib. Cozef Kasavubu ölkənin prezidenti, Patris Lumumba baş nazir oldu. SSRİ-nin dəstək verdiyi Konqo sosialist inkişaf yolunu tutdu. Lakin tezliklə ölkədə qiyam başlandı, Lumumba qətlə yetirildi.

 

31 il əvvəl...

28 iyun 1991-ci ildə Dağlıq Qarabağdakı erməni silahlı birləşmələri Martuni (Xocavənd) rayonunun azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücum ediblər, kəndin 6 sakini qətlə yetirilib. Bu, Dağlıq Qarabağda ermənilərin həyata keçirdiyi ilk böyük qırğın idi. Hadisə ilə bağlı Azərbaycan Ali Soveti SSRİ rəhbərliyinə müraciət etsə də, konkret reaksiya olmadı.

 

29 il əvvəl...

30 iyun 1993-cü ildə Milli Məclis Prezident səlahiyyətlərini icra edən Heydər Əliyevin təqdimatı əsasında Surət Hüseynovun baş nazir təyin olunmasını təsdiqləyib. Bu təyinat 4 iyun Gəncə hadisələrindən sonra ölkədə yaranmış böhranı qismən aradan qaldırmaq, Surət Hüseynovun arxasındakı qiyamçı hərbi birləşmələri neytrallaşdırmaq üçün zəruri addım idi. Surət Hüseynov 1 il 3 ay baş nazir oldu. 1994-cü ilin 3-4 oktyabrında ölkədə hakimiyyəti tam ələ keçirmək üçün cəhd etdiyi dövlət çevrilişinin baş tutmamasından sonra vəzifəsindən kənarlaşdırıldı.

 

22 il əvvəl...

28 iyun 2000-ci ildə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Azərbaycanın təşkilata üzvlüyü barədə tövsiyə qərarı qəbul edilib. Azərbaycan Avropa Şurasına dəvət almaq üçün 1992-ci ildə müraciət etmişdi. 1996-cı ildə AŞPA Bürosu ölkəmizə “xüsusi dəvət edilmiş qonaq” statusu vermişdi. Azərbaycan 2001-ci il yanvarın 25-də rəsmən Avropa Şurasına üzv qəbul olundu.

Hazırladı: V.Orxan