Tələbə tamaşaları festivalı başa çatıb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibətilə “ADMİU 99+” layihəsi çərçivəsində keçirilən “Pillə” tələbə tamaşaları festivalı başa çatıb.
Bağlanış mərasimində universitet rəhbərliyi, professor-müəllim heyəti, tanınmış incəsənət xadimləri, tələbələr və media nümayəndələri iştirak ediblər.
ADMİU-nun rektoru, professor Ceyran Mahmudova festivalı universitetin həyatında önəmli hadisə adlandırıb. Qeyd olunub ki, “Pillə” festivalı tələbələrin yaradıcılıq prosesinə daha sıx təşviq edilməsi, gənc istedadların aşkarlanması və teatr tədrisi prosesinin aktivləşdirilməsi məqsədi daşıyır. Festivalda iştirak edən IV kurs tələbələrinin artıq universitetdən məzun olmağa hazırlaşdıqlarını deyən rektor onlara uğurlar arzulayıb.
Sonra festivalın təşkilatçıları və münsiflər heyətinin üzvləri – professorlar Aydın Talıbzadə, Məryəm Əlizadə, teatrşünaslar Elçin Cəfərov, Vidadi Qafarov çıxış edərək fikirlərini bölüşüblər. Qeyd olunub ki, festivalda aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrin doqquz diplom və kurs tamaşası nümayiş olunub. Hər günün sonunda nümayiş olunan səhnə əsərləri tələbə-teatrşünaslardan ibarət gənc ekspertlər qrupu tərəfindən də müzakirə edilib.
Sonra qaliblər mükafatlandırılıb. “Ən yaxşı tamaşa” nominasiyası üzrə N.V.Qoqolun “Müfəttiş” komediyasını səhnələşdirən Teatr sənəti fakültəsinin III kurs tələbələri (kurs rəhbəri – Xalq artisti Vidadi Həsənov), “Ən yaxşı kişi rolu” nominasiyası üzrə fakültənin IV kurs tələbəsi Ülvi Haşımov, “Ən yaxşı qadın rolu” nominasiyası üzrə “SABAH” qrupları IV kurs tələbəsi Şəhanə Rzayeva qalib olub.
Gənc ekspertlərin mükafatı J.B.Molyerin “Jorj Danden və yaxud aldadılmış ər” əsərinin tamaşasına görə Teatr sənəti fakültəsinin II kurs rus bölməsinin tələbələrinə (kurs rəhbəri – Ruslan İsmayılov) təqdim edilib.