Bu il böyük Azərbaycan şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin (1862-1911) anadan olmasının 160 illiyi qeyd olunur.

Dahi şair çoxəsrlik poeziyamızın parlaq ənənələrini layiqincə yaşatmaqla bərabər, ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldərək onu ictimai məfkurə baxımından daha da zənginləşdirən söz ustası kimi geniş şöhrət tapıb. “Molla Nəsrəddin” jurnalı ətrafında formalaşmış ədəbi cərəyanın aparıcı simalarından olan mütəfəkkir şairin yüksək istedadla yaratdığı əsərlərin başlıca mövzusunu mənəvi saflığa, mədəni yüksəlişə və maariflənməyə çağırış təşkil edir. Azərbaycan ədəbi dilinin inkişafında, onun ümumxalq danışıq dili əsasında zənginləşdirilməsində də Sabir yaradıcılığı xüsusi əhəmiyyətə malikdir.

İyulun 12-də AMEA-nın Folklor İnstitutunda Mirzə Ələkbər Sabirin 160 illik yubileyi münasibətilə “Sabir və xalq gülüşü” mövzusunda elmi konfrans keçiriləcək.

Konfransda iştirak etmək istəyənlər 150-200 sözdən ibarət məruzə özətlərini 1 iyul tarixinədək sabir.160@mail.ru elektron poçt ünvanına göndərə bilərlər.