Heydər Əliyev Mərkəzində məşhur fotoqrafın sərgisi açılıb

 

İyunun 28-də Heydər Əliyev Mərkəzində “Rezanın daxili Odisseyası” adlı fotosərgi açılıb. Sərgidə Fransada yaşayan məşhur azərbaycanlı fotoqraf Reza Deqatinin çəkdiyi fotolar nümayiş olunur.

Azərbaycanla Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş sərgi Heydər Əliyev Fondu, Fransa Respublikasının Azərbaycandakı Səfirliyi və Azərbaycanda Fransız İnstitutu tərəfindən təşkil edilib.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr departamentinin rəhbəri, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə qrupunun rəhbəri Soltan Məmmədov bildirib ki, ölkələrimiz arasında münasibətlərin tarixi və bugünkü potensialı gələcək əməkdaşlıq üçün böyük imkanların olduğunu sübut edir. Millət vəkili diqqətə çatdırıb ki, 1992-ci ildə Azərbaycanda Türkiyə səfirindən sonra fəaliyyətə başlayan ikinci diplomat Fransanın səfiri olub. 1993-cü ildə Prezident seçilmiş ulu öndər Heydər Əliyevin ilk xarici səfəri, eləcə də 2003-cü ildə Prezident İlham Əliyevin ilk səfəri Fransaya olub. Bütün bunlar Azərbaycanın Fransa ilə münasibətlərə necə önəm verdiyinin nümunəsidir.

Qeyd edilib ki, məşhur fotoqraf Reza Deqati otuz il əvvəl Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başlandığı dövrü, eləcə də işğaldan azad edilmiş torpaqları, orada bu gün həyata keçirilən quruculuq işlərini fotoyaddaşa köçürən bir sənətkardır. Bu işləri Reza Deqati dünya ictimaiyyətinə də çatdırır.

Fransanın Azərbaycandakı səfiri Zakari Qros çıxışında Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında münasibətlərdən bəhs edib. Vurğulayıb ki, bu gün iki ölkənin münasibətləri siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişaf edir. Səfir sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Daha sonra çıxış edən Reza Deqati 13 yaşından etibarən fotoqrafiya ilə məşğul olmasından danışıb. Qeyd edib ki, indiyədək gəzdiyi ölkələrdə insanların müharibədən çəkdiyi əzab-əziyyətin şahidi olub. Özünü hərbi fotojurnalist deyil, sülh carçısı hesab edir.

Reza Deqati vurğulayıb ki, bu gün Fransa və Azərbaycanı bu sərgi vasitəsilə bir araya gətirmək onun üçün çox önəmli bir mövzudur. Bildirib ki, əslən azərbaycanlıdır, eyni zamanda Fransa xalqını da yaxşı tanıyır. Bu sərgi həm azərbaycanlılara, həm də fransızlara bu iki xalq və ölkə arasında çox-çox yaxınlıq olduğunu göstərmək niyyəti  daşıyır.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sərgidə Reza Deqatinin müxtəlif illərdə Azərbaycanda və Fransada çəkdiyi fotolar yer alıb. Fotolar seyrçilərə Azərbaycan və Fransaya poetik və duyğulu səyahət təklif edir.

Qeyd edək ki, Reza Deqati indiyədək 100-dən çox ölkəyə səyahət edib. Tanınmış fotoqrafın əsərləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bir sıra layihələrdə də təqdim edilib. Fondun təşkilatçılığı ilə Reza Deqatinin əsərləri Parisdə, UNESCO-nun mənzil-qərargahında, Moskvada, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, Brüsseldə Avropa Parlamentində nümayiş olunub.

Heydər Əliyev Mərkəzində “Rezanın daxili Odisseyası” fotosərgisi iyulun 27-dək davam edəcək.