Otuzillik işğalın izlərindən bəhs edən sənədli film Parisdə təqdim olunub

 

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) “Erməni separatçıları tərəfindən dağıdılmış Qarabağın xristian kilsələri” adlı sənədli filmin təqdimatı olub. Təqdimat “Şuşa İli” çərçivəsində Azərbaycanın Fransadakı Səfirliyi tərəfindən təşkil edilib.

Tədbirdə ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev, Fransanın sabiq deputatı, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jerom Lamber və filmin rejissoru Anastasiya Lavrina çıxış ediblər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən torpaqlarımızın erməni işğalından azad edilməsindən danışan Rəhman Mustafayev bildirib ki, ermənilər otuz ilə yaxın sürən işğal dövründə bu ərazilərdə Azərbaycanın tarixi, mədəni və dini irsini, o cümlədən xristian abidələrini dağıdıblar. Səfir qeyd edib ki, təqdim olunan sənədli film erməni separatçılarının xristian kilsələrini necə dağıtdığını əks etdirir.

Ermənistan ərazisində də Azərbaycana məxsus mədəni və dini abidələrin məhv edildiyini deyən Rəhman Mustafayev bildirib ki, UNESCO-nun texniki missiyası bu zərəri qiymətləndirmək üçün çoxdan Azərbaycana getməli idi. Ancaq təəssüf olsun ki, hələ də UNESCO texniki missiyası nə azad olunmuş ərazilərə, nə də Ermənistana göndərilib.

Jerom Lamber 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana səfərindən danışaraq şahidi olduğu mənzərələrdən söz açıb. Bildirilib ki, ermənilər işğal olunmuş ərazilərdə təkcə Azərbaycan mədəni irs abidələrini deyil, həmçinin özlərinin də mənsub olduqları xristian dininə aid abidələri dağıdıblar.

Rejissor Anastasiya Lavrina uzun müddət ictimaiyyətdən gizlədilmiş vəziyyətlə bağlı həqiqəti üzə çıxarmaq məqsədilə bu filmi hazırladığını diqqətə çatdırıb. Qeyd edib ki, işğaldan azad edilmiş Azərbaycan torpaqlarında törədilmiş dağıntıların miqyası onu görənləri dəhşətə gətirir.

Azərbaycanın CBC televiziyasının kollektivi ilə birlikdə hazırlanmış filmdə Xocavənd rayonunda yüz il əvvəl tikilmiş pravoslav kilsəsinin, tarixi, dini məbədin ermənilər tərəfindən yararsız hala salındığı göstərilir.

A.Lavrina Azərbaycan torpaqları azad olunandan sonra həmin kilsəni ziyarət etmək istəsə də, ermənilərin basdırdığı minalara görə kilsəyə yaxın düşməyin çətin olmasından danışıb. O, multikulturalizm və tolerantlığın Azərbaycan modelinin dünyada tanındığını, ölkədə bir çox etnik qrupların nümayəndələrinin mehriban yaşadığını vurğulayıb. 44 günlük Vətən müharibəsi dövründə ölkədəki müxtəlif dini konfessiyaların nümayəndələrinin həmrəylik nümayiş etdirdiyi, Vətənin azadlığı və rifahı uğrunda mübarizə apardıqları diqqətə çatdırılıb.

Çıxışlardan sonra sənədli film nümayiş olunub. Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sənədli film otuz ilə yaxın Ermənistanın işğalı altında olmuş ərazilərdə real vəziyyəti nümayiş etdirir. Film vasitəsilə erməni işğalı zamanı törədilmiş zərərin dərəcəsini görürük, işğalla bərabər, ermənilərin bu ərazilərdə tarixi, mədəni və dini rəmzləri, izləri, hətta xristian izini məhv etmək istəyinin şahidi oluruq.

Bu fikirləri sənədli filmin təqdimatından sonra Azərbaycanın Dostları Assosiasiyasının sədri Jerom Lamber AZƏRTAC-a müsahibəsində deyib. “Ancaq indi sülh bərpa edilib, quruculuq işləri başlayıb. Bərpası mümkün olan bütün abidələr, ümumiyyətlə, Qarabağa məxsus izlər bərpa edilməlidir. Cənubi Qafqazın bu multikultural, insanların əsrlər boyu birgə yaşadığı ərazilər yenidən qurulmalıdır”, -  deyə o vurğulayıb.