İyunun 29-da Ağstafa rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə “Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarının tarixi irsinin qorunması və şəhərsalmanın inkişafı” adlı plenumu keçirilib.
Plenumda Memarlar İttifaqı İdarə heyətinin sədri Elbay Qasımzadə, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, eləcə də memarlar, ekspertlər iştirak edib.
Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
İştirakçılar Ağstafa rayon Heydər Əliyev Mərkəzinin foyesində “Müasir Azərbaycan memarlığı” adlı sərgi ilə tanış olublar.
Sonra mərkəzin akt zalında tədbirin rəsmi hissəsi başlayıb.
Tədbirdə çıxış edən Memarlar İttifaqı İdarə heyətinin sədri Elbay Qasımzadə ölkəmizdə tarixi abidələrə, eləcə də müasir memarlığın inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, bu gün ölkəmizin hər yerində tarixi abidələr bərpa-konservasiya edilir, yeni-yeni parklar açılır, binalar tikilir. Vurğulayıb ki, bu sahədə memarlarımız öz sözünü deməkdədir.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun şəhərsalma ənənələrindən söz açıb. Qeyd edib ki, rayonda aparılan tikinti işləri zamanı milli memarlıq elementlərinin istifadəsinə xüsusi diqqət yetirilir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova tarixi abidələrin yerlərdə dayanıqlı inkişafa təkan verməsi üçün daha səmərəli istifadə olunmasının vacibliyini qeyd edib. Bildirib ki, bu məsələdə dövlət, bələdiyyələr, həm də ayrı-ayrı maraqlı şəxslər sıx əlaqədə işləməlidirlər.
Dövlət Xidmətinin rəisi Azad Cəfərli regionda yerləşən tarixi abidələr haqqında ətraflı məlumat verib. Bildirib ki, bu regionda 9 rayon və iki şəhər üzrə dövlət tərəfindən qorunan daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrində 783 abidə mövcuddur. Onlardan 405-i memarlıq, 346-sı arxeoloji, 24-ü bağ-park, monumental və xatirə abidələri və 8-i dekorativ-tətbiqi sənət nümunəsidir.
Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən mədəni irsimizin qorunması, bərpa və konservasiyası, eləcə də idarəolunmasında səmərəliliyin artırılması istiqamətində imzalanan fərman və sərəncamlar bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri Raihə Amənzadə məruzələrlə çıxış ediblər. Məruzələrdə Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarında mövcud olan tarix-mədəniyyət abidələrinin qorunması, bərpa olunma xüsusiyyətləri, eləcə də müasir şəhərsalma tendensiyalarının inkişafı məsələlərindən danışıblar.
Sonda plenumun qətnaməsi səsə qoyularaq qəbul olunub.
Tədbir iştirakçıları daha sonra “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə tanış olublar.