Azərbaycan-Gürcüstan əlaqələri çox qədim tarixi köklərə malikdir. Möhkəm tarixi zəmin üzərində qurulmuş münasibətlər bu gün iki ölkə rəhbərliyinin diqqəti və himayəsi sayəsində uğurla inkişaf edir. İkitərəfli münasibətlərin mühüm bir istiqaməti də mədəniyyət sahəsində əməkdaşlıqdır. O cümlədən muzeylər arasında əməkdaşlıq genişlənir.
Bu sahədə təcrübə mübadiləsinin aparılması məqsədilə Gürcüstan Milli Muzeyinin baş direktoru, Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının fəxri doktoru, tanınmış antropoloq və arxeoloq David Lordkipanidze 27-30 iyun tarixində ölkəmizə səfər edib.
Səfər çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində David Lordkipanidzenin “Afrikadan ilk insanlar. Qafqazdan baxış” adlı mühazirəsi təşkil olunub.
Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, həmçinin arxeoloqlar, tarixçilər və sahə üzrə mütəxəssislər iştirak ediblər.
Mövzu barədə geniş təqdimatla çıxış edən D.Lordkipanidze antropologiya və arxeologiya sahəsində aparılan tədqiqatlar və yeniliklər barədə bir sıra məqamlara toxunub, həmçinin ötən ilin iyulunda açılan və XXI əsrin regional muzey nümunəsi olan Bolnisi Muzeyi haqqında ətraflı məlumat verib. Mühazirə iştirakçıların suallarının cavablandırılması və diskussiya ilə davam edib.
Səfər zamanı D.Lordkipanidze ilə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində də görüş keçirilib. AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov, mədəniyyət nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva, muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı, Arxeologiya elmi-fond şöbəsinin müdiri, dosent Nasir Quluzadənin iştirakı ilə keçirilən görüşdə hər iki ölkədə aşkar olunmuş qədim fauna və hominid nümunələrinin (heyvan və insan qalıqlarının) müasir texnologiyaların tətbiqi ilə araşdırılması istiqamətində layihənin hazırlanması müzakirə olunub.
Qeyd olunan tədqiqatlar vasitəsilə dövrün təbii şəraiti və morfoloji xüsusiyyətlərinin öyrənilməsinin iki ölkənin elmi üçün xüsusi əhəmiyyət kəsb edəcəyi bildirilib. Müzakirə zamanı layihənin multidisiplinar olması və gənc kadrların cəlb edilməsinə diqqət yetirilməsinin vacibliyi xüsusi vurğulanıb.