Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, söz ustadı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin hazırlanması üçün Mədəniyyət Nazirliyi tərəfindən heykəltəraşlar arasında elan edilən açıq müsabiqəyə eskiz-layihələrinin qəbulu başa çatıb.

Qəbul edilən layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.

Eskiz layihələr nazirliyin “Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcək. Nəticələrin iyulun 15-də elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, 2021-ci il 30 noyabr tarixində ölkə başçısı Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Sərəncamda abidənin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsi Bakı Şəhər İcra Hakimiyyətinə və Mədəniyyət Nazirliyinə tapşırılıb.

Nazirlik tərəfindən müsabiqə 2021-ci il 23 dekabrda elan edilmişdi. Martın 15-də başa çatmalı olan müsabiqənin müddəti  iyunun 30-dək uzadılmışdı.