Azərbaycan

 

6 iyul 1918 – Yazıçı-tərcüməçi Şəfiqə Əli qızı Ağayeva (1918-1983) Ağdamda anadan olub. Azərbaycan uşaq ədəbiyyatının inkişafına töhfələr verib. Rus yazıçılarının uşaq və yeniyetmələr üçün hekayə və povestlərini dilimizə tərcümə edib.

6 iyul 1947 – Əməkdar mədəniyyət işçisi, kino təşkilatçısı Xanlar Daşdəmir oğlu Cəfərov (1947-2016) anadan olub.

 

7 iyul 1920 – Azərbaycan İnqilab Komitəsi incəsənət abidələri və əsərlərinin siyahıyaalınması və mühafizəsi haqqında qərar qəbul edib.

7 iyul 1939 – Yazıçı, tədqiqatçı-alim, professor Elmira Nəzər qızı Zamanova (1939-2010) Göyçay şəhərində anadan olub. Rus və Azərbaycan dillərində elmi-fantastik əsərlərin müəllifidir: “Yeraltı dünya”, “Vaxtdır, qardaşım” və s.

7 iyul 1950 – Əməkdar mədəniyyət işçisi Həsən Nəsib oğlu Həsənov (1950 – 6.4.2021) Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Müxtəlif teatrlarda (İrəvan, Mingəçevir teatrları, Dövlət Gənclər Teatrı) direktor işləyib.

7 iyul 1961 – Əməkdar artist, aktyor, rejissor Ələkbər Adıgözəl oğlu Hüseynov (1961 – 2.8.2007) Bakıda doğulub. Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru işləyib. Televiziya tamaşalarında yaddaqalan rollar oynayıb.

7 iyul 2019 – UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Şəki şəhərinin tarixi hissəsi Şəki Xan sarayı ilə birlikdə UNESCO-nun Dünya irs siyahısına daxil edilib. 

 

8 iyul 1888 – Xalq artisti Pyotr Pavloviç Jarikov (1888-1969) Moskvada anadan olub. Azərbaycan Dövlət Rus Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət (1928-1963) göstərib.

8 iyul 1909 – Məşhur dilçi alim, akademik, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə (1909 – 10.4. 1979) Şəkidə doğulub. Müasir Azərbaycan dilinin fonetikasına, etimologiyasına və ümumi dilçiliyə aid əsərlərin müəllifidir.

8 iyul 1931 – Xalq artisti Zülfüqar Yaqub oğlu Baratzadə (1931 – 11.2.1991) Gəncədə doğulub. 1949-cu ildən Gəncə Dövlət Dram Teatrının aktyoru olub, filmlərə çəkilib.

 

Dünya

 

6 iyul 1859 – İsveç şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1916) Karl Qustav Verner fon Heydenstam (Carl Gustaf Verner von Heidenstam; 1859-1940) anadan olub. Əsərləri: “Endimion”, “XII Karlın döyüşçüləri” və s.

6 iyul 1887 – Yəhudi əsilli rus-fransız rəssamı Mark Zaxaroviç Şaqal (Xaskeleviç; 1887-1985) anadan olub. Rəngkarlıq və qrafika əsərləri ilə bədii avanqardın ən tanınmış simalarından biridir.

 

7 iyul 1860 – Avstriya bəstəkarı Qustav Maler (Gustav Mahler; 1860-1911) anadan olub.

7 iyul 1882 – Belarus ədəbiyyatının banilərindən şair Yanka Kupala (əsl adı İvan Dmitriyeviç Luseviç; 1882-1942) anadan olub.

7 iyul 1884 – Yəhudi əsilli alman yazıçısı Lion Feyxtvanger (Lion Feuchtwanger; 1884-1958) anadan olub. “Qoyya”, “İspan balladası”, “Lautenzak qardaşları” və s. tarixi romanların müəllifidir.

7 iyul 1901 – İtalyan aktyoru, kinorejissor, 4 dəfə “Oskar” mükafatı laureatı Vittorio De Sika (Vittorio De Sica; 1901-1974) anadan olub. Filmləri: “Günəbaxanlar”, “Dünən, bu gün, sabah”, “İtalyansayağı nikah” və s.

 

8 iyul 1621 – Fransız şairi, məşhur təmsillər müəllifi Jan de Lafonten (Jean de La Fontaine; 1621-1695) anadan olub. Antik dövr müəlliflərinin (Ezop, Fedr və s.) əsərlərindən yararlanaraq təmsil janrını yaradıb.

8 iyul 1892 – İngilis yazıçısı Riçard Oldinqton (Richard Aldington; 1892-1962) anadan olub. Əsərləri: “Qəhrəmanın ölümü”, “Bütün insanlar düşməndir” və s.

8 iyul 1938 – Rusiyanın Xalq artisti, tanınmış aktyor Andrey Vasilyeviç Myaqkov (1938 – 18.2.2021) anadan olub. “Xoş təsadüf və ya həmişə təmizlikdə”, “İşdə məhəbbət macərası”, “Qaraj” və s. filmlərdə çəkilib.

Hazırladı: Vüqar Orxan