Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Mədəni gənclik” layihəsi başa çatıb.

Bu münasibətlə iyulun 1-də Bakı Dövlət Universitetində (BDU) mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və universitetin rektoru Elçin Babayevin tələbələrlə görüşü keçirildi.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxışında dedi ki, hər bir gəncin uğurlu olması üçün özünü tanıması vacibdir: “Sizlər BDU-da təhsil alaraq öz düşüncə qabiliyyətinizi aşkarlayırsınız. Peşəkar dünyada ən vacib tələb olunan keyfiyyət düşüncə tərzidir. Artıq elə bir dövrdəyik ki, məlumatlı olmaq üstünlük təşkil etmir. Yəni dünyanın hər hansı bir yerində nə isə icad olunursa, dərhal qlobal səviyyədə məlum olur. Bu dövrdə əsas üstünlük öz unikal düşüncə qabiliyyəti ilə bəlli olan məlumatları, faktları fərqli cür təqdim etməkdir. Məsələn, bir azərbaycanlı və amerikalı eyni faktı oxuyub fərqli cür nəticəyə gələ bilərlər. Bu fərqlilik isə mədəniyyətdən irəli gəlir. Burada da kim daha zəngin mədəniyyətə sahibdirsə, o üstünlük qazanır. Bildiyiniz kimi, dünyanın bəlli bir coğrafi xəritəsi var. Biz düşünürük ki, göstəricilər üzərində işləyərək dünyanın mədəniyyət xəritəsini tərtib edək. Bu xəritə coğrafi xəritə ilə üst-üstə düşməyəcək. Bu xəritə millətin, xalqın dünya mədəniyyət tarixində oynadığı rola, verdiyi töhfəyə əsaslanacaq. Düşünürəm ki, bu xəritədə biz böyük ölkələrdən biri olacağıq. “Mədəni gənclik” layihəmizin əsas məqsədlərindən biri də odur ki, gənclərimiz Azərbaycanın həmin mədəniyyət xəritəsini görə bilsinlər”.

Daha sonra Elnur Əliyev tələbələrin layihə haqqında təkliflərini dinlədi, onları maraqlandıran sualları cavablandırdı.

Bu cür layihələrinin davamlı olmasını arzulayan BDU-nun rektoru Elçin Babayev “Mədəni gənclik” layihəsinin təşkilinə görə Mədəniyyət Nazirliyinə, layihədə iştirak edən tələbələrə və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinə təşəkkürünü bildirdi.

Tədbirin sonunda tələbələr arasında layihə üzrə keçirilən sorğunun (ən çox bəyənilən tamaşa, artist və s.) nəticələri elan olundu. Layihədə fəal iştirak edən tələbələrə sertifikatlar təqdim edildi.

Qeyd edək ki, bu ilin may ayından həyata keçirilən “Mədəni gənclik” layihəsinin məqsədi gənclərin incəsənətə marağının artırılması, onların ölkənin mədəni proseslərinə cəlb edilməsi, Azərbaycan gənci və mədəniyyətimiz arasında körpü salmaq, mədəni dəyərlərimizə sahib çıxacaq nəslin yetişdirilməsinə töhfə verməkdir. İki ay davam edən layihəyə BDU-dan 300 nəfər könüllü tələbə qatılıb. Tələbələr 5 mədəniyyət ocağında – Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Opera və Balet, Azərbaycan Dövlət Akademik Musiqili, Azərbaycan Dövlət Akademik Rus Dram teatrlarında və Azərbaycan Dövlət Akademik Filarmoniyasında tamaşa və konsertlərə baxmaq imkanı əldə ediblər.

Nurəddin