Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

260 il əvvəl...

9 iyul 1762-ci ildə Rusiyada növbəti saray çevrilişi olub. İmperator III Pyotrun həyat yoldaşı Yekaterina imperiya qvardiyasının köməyi ilə ərini hakimiyyətdən uzaqlaşdırıb və özünü imperatriçə (II Yekaterina) elan edib. Məhbəsə salınan III Pyotr əvvəlcə taxt-tacdan imtina etməsi barədə qərar imzaladı, üç gün sonra müəmmalı şəkildə öldü.

 

206 il əvvəl...

9 iyul 1816-cı ildə İspaniyanın Cənubi Amerikadakı ən böyük müstəmləkəsi (ərazisi 2,7 milyon kv.km) olan Argentina müstəqilliyini elan edib. XVI əsrdə İspaniyanın müstəmləkəsinə çevrilən Argentina La-Plata general-qubernatorluğu adlanırdı. Müstəqilliyini də “Birləşmiş La-Plata Əyalətləri” adı altında qazanmışdı. 1826-cı ildə Federativ Argentina Respublikası elan edildi.

 

104 il əvvəl...

10 iyul 1918-ci ildə Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir yaxınlığındakı döyüşdə daşnak-bolşevik “Bakı Soveti”nin qoşunlarını məğlub ediblər. Bu qələbədən sonra Qafqaz İslam Ordusunun daşnak-bolşevik qüvvələri üzərinə əks-hücumu başlanıb. İyulun 14-də Kərrar dəmiryolu stansiyası azad edilib.

 

103 il əvvəl...

9 iyul 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi diplomatik fəaliyyət haqqında ilk normativ sənədi – XİN-in katibliyi haqqında müvəqqəti təlimatı təsdiq edib. Bu, Azərbaycanda peşəkar diplomatiya fəaliyyətini tənzimləyən ilk sənəddir. Prezident İlham Əliyevin 24 avqust 2007-ci il sərəncamı ilə 9 iyul Azərbaycanda diplomatik xidmət əməkdaşlarının peşə bayramı günü elan edilib.

 

102 il əvvəl...

10 iyul 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin dekreti ilə “musiqi təhsilini proletar kütlələri içərisində geniş yaymaq” məqsədilə musiqi alətləri dövlət mülkiyyəti elan edilib. Orkestr musiqiçiləri səfərbərliyə alınaraq Xalq Maarif Komissarlığının sərəncamına verilib.

 

101 il əvvəl...

11 iyul 1921-ci ildə Monqolustan dövlət müstəqilliyini elan edib. Bolşevik Rusiyasının hərbi köməyi ilə Çin hökmranlığına qarşı başlanan inqilab qələbə ilə nəticələnib, Monqolustanda xalq hakimiyyəti bərqərar olub. 1924-cü ildə Monqolustan Xalq Respublikasının yarandığı elan edildi. Qədim dövlətçilik tarixi olan Monqolustan XVII əsridə Çinin nəzarəti altına keçmişdi.

 

83 il əvvəl...

11 iyul 1939-cu ildə SSRİ rəhbərliyinin göstərişi ilə Azərbaycan SSR Ali Soveti latın qrafikalı əlifbadan kiril (rus) qrafikalı əlifbaya keçmək haqqında qanun qəbul edib. Kiril qrafikalı əlifbaya keçid 1 yanvar 1940-cı ildə gerçəkləşdi.

 

82 il əvvəl...

10 iyul 1940-cı ildə Fransada III Respublika rəsmən süqut edib. Hitler Almaniyası ölkənin ərazisinin üçdə ikisini işğal edəndən sonra Vişi şəhərində toplaşan Fransa Milli Assambleya (parlament) səlahiyyətlərini yerə qoydu. Faşistlərin marionet lideri sayılan marşal Filipp Peten ölkənin formal rəhbəri təyin edildi.

 

49 il əvvəl...

10 iyul 1973-cü ildə Britaniyanın Vest-İndiadakı müstəmləkəsi olan Baham adaları (ərazisi 14 min kv.km) müstəqilliyini elan edib. 1492-ci ildə ispanlar tərəfindən kəşf edilən Baham adaları XVIII əsrin sonunda ingilislərin nəzarətinə keçmişdi. Hazırda Baham adaları dünyanın məşhur turizm və azad iqtisadi zonası hesab olunur.

 

35 il əvvəl...

11 iyul 1987-ci ildə Yer kürəsi əhalisinin sayı 5 milyardı keçib. Bu əlamətdar hadisə ilə əlaqədar 1989-cu ildə BMT İnkişaf Proqramının tövsiyəsi ilə 11 iyul Dünya Əhali Günü (World Population Day) elan edilib.

 

32 il əvvəl...

11 iyul 1990-cı ildə erməni təxribat dəstəsi Tərtər-Kəlbəcər sərnişin avtobusunu partlatdıqdan sonra dinc insanları gülləbaran edib. Terror aktı nəticəsində 14 azərbaycanlı öldürülüb, 35 nəfər yaralanıb.

 

30 il əvvəl...

8 iyul 1992-ci ildə ATƏM-in (1995-ci ildən ATƏT) Helsinki zirvə toplantısında iştirak edən Prezident Əbülfəz Elçibəy Azərbaycanın təşkilata üzvlüyünə dair sənədləri, o cümlədən Helsinki Yekun Aktını (1975) imzalayıb. Azərbaycan ATƏM-ə 1992-ci il yanvarın 30-da qəbul olunmuşdu.

Hazırladı: V.Orxan