Xalqımız ikinci ildir müqəddəs Qurban bayramını Zəfər ab-havasında qarşılayır

 

İyulun 9-u İslam aləminin ən əziz və müqəddəs bayramlarından olan Qurban bayramının ilk günüdür. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Uca Yaradana sədaqətin və ilahi lütfün təcəllisi olan mübarək Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik müraciəti ünvanlayıb.

Təbrikdə qeyd olunur ki, mübarək Qurban bayramı Rəbbimizin insanlığa lütf və inayətinin rəmzidir. Bütün səmavi dinlərin əziz tutduğu, Həzrət İbrahim əleyhissalamın əhdi və Həzrət İsmayıl əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün əsrlər boyudur ki, dünyamıza ümumbəşəri birlik və insanpərvərlik mesajını çatdırır.

Müraciətdə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının ənənəvi olaraq Qurban bayramına dair tövsiyələri də qeyd olunur. Bildirilir ki, Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savab sayılır.

“Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır, çünki belə davranmağı əziz Peyğəmbərimiz (s) bizlərə tövsiyə edib. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır... Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək kəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur”, – deyə müraciətdə bildirilir.

Qeyd olunur ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən,  Azərbаycаn üfüqündə hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı zilhiccə ayının 10-na – miladi təqvimlə iyulun 9-a təsadüf edəcək. Şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər. İyul ayının 9-da məscidlərdə birgə Bayram namazları qılınacaq. Аzərbаycаndа Qurbаn bаyrаmı rəsmi olaraq iki gün qeyd olunur.

“Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü duaların qəbul olunduğu zamandır. Həmrəylik, yardımlaşma, mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə Vətənimiz və millətimiz üçün dualar etməliyik. Şükürlər olsun ki, artıq ikinci ildir xalqımız Qurban bayramını Zəfər ab-havasında qarşılayır. Həmd olsun Allaha ki, Azərbaycan xalqı müdrik dövlət öndəri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni təcavüzünə son qoyaraq tarixi ədaləti, Azərbaycanın ərazi bütövlüyünü bərpa edib. Allah Vətən uğrunda, bu böyük Zəfər yolunda canlarından keçmiş, uca şəhidlik məqamına yüksəlmiş övladlarımıza rəhmət eləsin, qəhrəman qazilərimizə şəfa bəxş etsin, şanlı Ordumuzun bütün əsgər və zabitləri üçün dilədiyimiz xeyir-dualar müstəcab olsun! Uca Allah Azərbaycan dövlətini və xalqını, onun müdrik rəhbərini hər zaman müzəffər etsin!” – təbrik müraciətində vurğulanır.