III yazı

270 yaşlı Şuşa şəhəri təkcə musiqi, söz-sənət beşiyi kimi deyil, həm də tarixi abidələri ilə məşhurdur. “Şuşanın abidələri” rubrikasında mədəniyyət paytaxtımızın tarixi-mədəni tikililəri haqqında söz açmağa davam edirik.

 

İbrahimxəlil xanın qəsri

 

Tarixçi alim, akademik Yaqub Mahmudov və professor Camal Mustafayevin “Şuşa – Pənahabad” kitabında qeyd edilir ki, Qarabağ xanları Şuşada saray və imarətlərin tikintisinə böyük diqqət yetirirdilər. Şuşada tikilmiş xan sarayları özlərinin həcminə, formasına və memarlıq üslublarının orijinallığına görə diqqəti cəlb edirdi. Onlar əksər hallarda şüşəli pəncərələrə malik olub, yonulmuş daşlardan tikilir və oyma naxışlarla bəzədilmiş taxta qapılarla tamamlanırdı. Sarayların qapı və pəncərələrinin hazırlanması, onlara tavan və taxtapuş vurulması ilə şəhərdə fəaliyyət göstərən 14 nəfər ağacişləmə ustası – dülgər, xarrat məşğul olurdu. Saraylar, adətən ikitaylı qapıları olan hündür divarlarla əhatə olunurdu.

İbrahimxəlil xan sarayı və ya İbrahimxəlil xanın qəsri Şuşa şəhərinin cənub-şərq hissəsində, Daşaltı kəndi yaxınlığında yerləşir. Bəzi mənbələrdə saray həm də Qarabağ xanının sarayı adlandırılır ki, bu da İbrahimxəlil xanın hakimiyyəti dövründə sarayın xan iqamətgahı olması ilə əlaqədardır.

Azərbaycanın feodal dövrü qala-şəhərləri üçün xan sarayının yerləşdiyi qəsrlər xarakterikdir. XVIII əsrin əvvəllərindən formalaşmağa başlayan xanlıqların paytaxtı olan yeni şəhərlərdəki qəsrlərdə hökmdar və onun ailəsinin yaşaması, təhlükəsizliyi və fəaliyyətini təmin etmək üçün saray kompleksi və digər köməkçi binalar yerləşirdi. XVI-XVIII əsrlərdə Azərbaycanda hökmdar qəsrləri İçəri qala, Bala qala və ya Ərk (Təbrizdə olduğu kimi) adlandırılırdı.

Adətən feodal şəhərlərinin inşasına hökmdar qəsrinin inşasından başlanılırdı. Şuşa qalasının yerləşdiyi ərazi özünəməxsus strateji xüsusiyyətə malik olduğuna görə, qaladaxili qəsrlərin, o cümlədən Pənahəli xanın qəsrinin inşasına Şuşa qalasının inşası ilə eyni dövrdə başlanılıb. Qarabağ tarixçisi Mir Mehdi Xəzani Şuşa qalasının inşa olunmasından bəhs edərkən Pənahəli xanın sifarişi ilə qala daxilində sarayların da inşa edilməsini vurğulayır: “Pənah xan Şuşada özünə balaca qalaya oxşar qala divarları ilə əhatə edilmiş saray inşa etdirdi. Öz sarayı yaxınlığında isə təpə üzərində oğlu İbrahimxəlil üçün saray inşa etdirdi”.

İbrahimxəlil xanın sarayı kvadrat formalı tikili olmaqla dörd tərəfdən qala divarları ilə əhatə olunub. Qala divarlarının dörd küncündə içəridən açıq olan yarımdairəvi qüllələr yerləşir. Qəsrin içərisindən qüllələrə birləşən yaşayış binalarında sarayda yaşayanlara xidmət edən qulluqçular yaşayırdı.

Qəsrin şimala istiqamətlənən əsas girişi qabağa çıxmış prizmatik həcmlə müdafiə olunur. Bu baxımdan qəsrin girişi Şuşa qalasının Gəncə qapısında tətbiq edilmiş texnikanı təkrarlayır. Bu cür tikinti texnikası qapının müdafiəsini gücləndirərək ona birbaşa yaxınlaşmaq imkanını sıfıra endirir.

Saray kompleksinə daxil olan bütün tikililər kiçikölçülü yaxşı yonulmuş daşlardan inşa edilmiş tağ-tavanla örtülüb. Şuşada bu cür tağ-tavanların inşa texnikası sadə olub. Belə ki, tikilinin divarları hörüldükdən sonra onun içi torpaqla doldurulur və torpaq üzərində tağ-tavanın inşasına başlanılırdı. İnşa edilmiş tavanın hörgülərinin qurumasından sonra isə binanın içi torpaqdan təmizlənirdi.

Qeyd edək ki, XVIII əsrə aid olan tarixi saray ölkə əhəmiyyətli tarixi abidə kimi qeydiyyata alınıb.

 

Seyidli məscidi

 

Azərbaycanın digər şəhərləri kimi, Şuşada da məscid tikintisinə böyük diqqət yetirilib. “Şuşa – Pənahabad” kitabında Qarabağ tarixçilərindən Mirzə Camal Cavanşir və Baharlının verdiyi məlumata istinadən bildirilir ki, Şuşada ilk məscid Pənahəli xanın hakimiyyəti dövründə qamışdan tikilib. XIX əsrin ikinci yarısında Şuşada fəaliyyət göstərən məscidlərin ümumi sayı 16-ya çatırdı. Bunlardan üçü Cümə məscidi, qalanları isə məhəllə məscidi funksiyasını yerinə yetirirdi. Məhəllə məscidləri, əsasən, məhəllə meydanlarının ən görkəmli yerlərində yerləşirdi. Xarici görkəminə görə çox sadə olan bu məscidlər yaşayış evlərini xatırladırdılar. Ancaq bu məscidlərin daxili quruluşu dini mərasimlərin həyata keçirilməsi üçün zəruri olan bütün tələblərə cavab verirdi. Şuşanın məhəllə məscidlərindən biri də Seyidli məscidi idi.

Məscid Şuşa şəhərinin Seyidli məhəlləsində, Telman və Qaryağdıoğlu küçələrinin kəsişməsində yerləşir. Məscidin ikimərtəbəli formada, XVIII əsrdə tikildiyi ehtimal edilir. Düzbucaqlı formaya malik məscidin ibadət salonu Mamay və ya Saatlı məscidləri kimi üçnefli bölgüyə malik deyil. Yerli əhəmiyyətli abidələr siyahısında olan bu məscid erməni işğalı dövründə vandalizmə məruz qalıb.

 

Zöhrabbəyovun yaşayış evi

 

XIX əsrin ikinci yarısında Şuşanın sürətli inkişafı burada tikinti-abadlıq işlərinin miqyasını da xeyli artırıb. Şəhərin varlı adamlarına məxsus dəbdəbəli yaşayış evlərinin, imarətlərin tikintisi geniş vüsət alıb.

XIX əsrdə tikilən Zöhrabbəyovun yaşayış evi Şuşa şəhərində Ocaqqulu küçəsində yerləşir. Evin sahibi Şuşanın məşhur soylarından biri Zöhrabbəyovlar nəslindən olan II gildiya taciri Abbasqulu bəy Zöhrabbəyovdur. Abbasqulu bəy Kərbəlayı Mirzə Əkbər bəy oğlu 1868-ci ildə Şuşa şəhərində doğulub. İbtidai təhsilini molla yanında aldıqdan sonra mədrəsədə oxuyub. Evin tikintisini Abbasqulu bəyin atası Kərbəlayı Mirzə Əkbər bəy başlayıb. Mirzə Əkbər dünyasını dəyişdikdən sonra Abbasqulu bəy evin tikintisini tamamlayıb.

3 mərtəbəli evin iri və geniş şüşəbəndi başdan-ayağa antik rəsmlərlə bəzədilib. Hər mərtəbədə 200-250 nəfərlik zal, şüşəbənd, yataq otağı, uşaq otağı, buxarılı aşpazxana və s. olub.

Azərbaycan sovetləşdiriləndən sonra Abbasqulu bəyin evi müsadirə edilir, özü isə ailəsi ilə birlikdə Bakıya köçür. Sonradan bu ev rəsm qalereyasına çevrilir.

1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra bina talan edilib, şəbəkədən ibarət pəncərələri və divar rəsmləri dağıdılıb. Tikili Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınıb.

Nurəddin Məmmədli