Təpəbaşı məhəlləsində Azərbaycan xalqının irsinin məhv edilməsi ilə bağlı UNESCO-ya müraciət ünvanlanıb
Hazırda Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən maddi-mədəni irs nümunələrinin yaşı heç 200 ilə də çatmır. Bunun səbəbləri tarixşünaslıqda bəlli olsa da, dünya ictimaiyyəti bundan xəbərsizdir. Bəs nə üçün bu şəhərdə yaşı 200 il və çox olan heç bir maddi mədəniyyət nümunələri yoxdur və ya qalmayıb? Sualın cavabı çox sadədir. Bu abidələr Azərbaycan xalqına məxsus maddi-mədəni irs nümunələri olduğundan, ermənilər tərəfindən məhv edilmiş və günümüzə qədər gəlib çatmamışdır.
Bu sözlər Azərbaycanın elm və ictimaiyyət xadimlərinin UNESCO-nun Baş direktoru Odre Azuleyə ünvanladıqları müraciətdə yer alıb. AMEA-nın vitse-prezidenti, AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov, AMEA-nın vitse-prezidentləri Gövhər Baxşəliyeva, İsa Həbibbəyli, akademiyanın ayrı-ayrı qurumlarının rəhbərləri, tanınmış alimlər, eləcə də vətəndaş cəmiyyətinin təmsilçiləri – ümumilikdə 102 nəfərin imzaladığı müraciətdə Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Təpəbaşı məhəlləsi ərazisində Azərbaycan xalqının irsinə qarşı həyata keçirilən mədəni soyqırımı faktları diqqətə çatdırılır.
Müraciətdə qeyd olunur ki, UNESCO bütün dünyada bəşəriyyət üçün müstəsna dəyər hesab olunan mədəni və təbii irsin müəyyən edilməsini, qorunmasını və mühafizəsini təşviq etməyə çalışır: “Bu gün Ermənistanın paytaxtı İrəvan şəhərində Azərbaycan xalqına məxsus sonuncu maddi-mədəni irs nümunələri də məhv edilmək üzrədir. Bu müraciət Sizin rəhbəri olduğunuz mötəbər təşkilatı Azərbaycan xalqının bütün dünya xalqlarına məxsus olan sonuncu maddi-mədəni irsini xilas etmək üçün səfərbər olmağa dəvət edən həyəcan siqnalıdır”.
Bildirilir ki, İrəvan şəhəri qala istisna olmaqla Şəhər, Dəmirbulaq və Təpəbaşı hissələrinə bölünürdü. İrəvanın bu hissələrinin hər birində vaxtilə azərbaycanlılar yaşayıblar. Azərbaycan xalqı XIX-XX əsrlər ərzində indiki Ermənistanın ərazisində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə nəticəsində böyük milli faciə yaşayıb. Bu milli faciə mərhələli şəkildə həyata keçirilib və nəticədə indi Ermənistan adlanan dövlətin ərazisində heç bir azərbaycanlı qalmayıb. Min illər boyu öz torpağına bağlı olan azərbaycanlılar doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb, Azərbaycan xalqına məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılaraq viran edilib. Zaman-zaman Azərbaycan xalqına qarşı aparılan qeyri-insani siyasət Ermənistan tərəfindən Azərbaycan abidələrinə qarşı da davam etdirilib. Nəticə etibarilə, Azərbaycan xalqının İrəvan şəhərində mövcud olmuş İrəvan qalası, Xan sarayı, Abbas Mirzə məscidi, Zal xan məscidi, Dəmirbulaq məscidi, Sərtip xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər məscidi, Qantar (bazarı) karvansarası, Hacı bəyim hamamı, Hacı Əli hamamı, Axund Şeyxülislam hamamı və bu kimi bir çox digər dini və tarixi abidələri məhv edilib. Hazırda İrəvanda mövcud olan iki məscidi – Hacı İmamverdi məscidi və Göy məscidi isə Ermənistan fars məscidi adlandıraraq taleyin hökmünə buraxıb. Bu gün XVII əsrə aid olan Hacı İmamverdi məscidi tamamilə yox olmaq üzrədir.
Diqqətə çatdırılır ki, 2006-cı ildə Ermənistanda təsdiq edilən İrəvan şəhərinin baş planında fars memarlığı kimi təqdim olunan azərbaycanlılara məxsus memarlıq nümunələrinin yerləşdiyi altı ərazi göstərilib. 2006-cı ildə həmin ərazilərin ümumi ölçüsü 29 hektar idi. Onlardan bu gün yalnız Təpəbaşı hissəsi (16 hektar) qalmaqdadır. Cəmi 16 il ərzində Ermənistanda Azərbaycan xalqına məxsus memarlıq üslubunda tarixi şəhər sayıla biləcək 13 hektar sahə tamamilə məhv edilərək yerində müxtəlif infrastrukturlar inşa olunub.
Tədqiqatlar bu şəhərin dərin qatlarında hələ də Azərbaycan şəhərinə aid məlumatların qaldığını söyləməyə imkan verir. Lakin Ermənistan üzərində yaşadığı bu tarixi məkanın torpaq altında qalan mədəni irsini qəbul etmədiyi üçün dağıntıları bu qatlarda da davam etdirir. Buna sübut kimi 2003-ci ildə İrəvan şəhərinin Respublika meydanında aparılan qazıntı işlərini də göstərmək olar. Ermənistan rəhbərliyi qazıntı nəticəsində torpaq altında qalmış azərbaycanlı-müsəlman memarlığının nümunələri aşkar olunan zaman qəfildən abidənin üzərini yenidən torpaqla örtmək tapşırığı verib.
Müraciətdə vurğulanır ki, İrəvan şəhərinin tarixini bu gün özündə əks etdirən və azərbaycanlıların mədəni irsinin yeganə sübutu olaraq qalan məkan Təpəbaşı məhəlləsidir. Təpəbaşı (ermənilər Kond adlandırırlar) İrəvan şəhərinin günümüzə qədər gəlib çatmış yeganə tarixi nümunəsidir. Bu hissə öz yaddaşında İrəvanın XVII əsrdən müasir dövrümüzə qədər olan tarixi kodunu daşımaqdadır. Tarixən azərbaycanlıların yaşadığı və hazırda 16 hektara qədər kiçildilən Təpəbaşı məhəlləsi günümüzdə məhv olmaq və Yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir. Ermənistanda azərbaycanlıların yaratdıqları maddi-mədəni irs haqqında məlumatlar gizlədilir və hissə-hissə dağıdılır. Ermənistan rəhbərliyi artıq bir müddətdir ki, Təpəbaşı hissəsini tamamilə dağıdaraq yerində müasir yaşayış binaları inşa etməyi planlaşdırır. Onlar bu yolla bir zamanlar İrəvanın əsas sakinləri olan azərbaycanlıların sonuncu nişanəsini – tarixi kodunu məhv etmək istəyirlər.
Təpəbaşı Azərbaycan mədəniyyəti, o cümlədən bəşər mədəniyyəti üçün son dərəcə önəmli əhəmiyyət kəsb edir. Tarixi İrəvan şəhərinin özəyi sayılan bu hissə vahid tarixi-şəhərsalma mühitini özündə əks etdirir.
Qeyd olunur ki, XIX əsrin I yarısında Təpəbaşı hissəsində yerləşən küçə və məhəllələrin adları Azərbaycan adları idi. Məsələn, Dərəkənd, Axund, Xan bağları, eləcə də Əsəd bəy, Adalyar, Təpəbaşı, İmarət və Daşlı küçələrini sadalamaq olar. Hazırda Ermənistan milli arxivində saxlanılan kameral təsvirlər həmin küçə və məhəllələrin 190 il öncə inventarlaşdırılmasını və etnik tərkibini göstərən sübutlardır. Təpəbaşı öz memarlığı və tarixi ilə Azərbaycan tarixinin bir hissəsini təşkil edirdi.
Bunu İrəvan şəhərinin sonrakı dövrlərə aid planlarında da görmək mümkündür. 1831-1832-ci illərə aid kameral təsvirlər göstərir ki, şəhərin Təpəbaşı hissəsindəki məhəllə və küçələr sonrakı dövrlərdə də eyni adla və eyni etnik tərkiblə qalıb. İstər 1880-ci illərə aid şəhər planı, istərsə də B.Mehrabovun 1906-1911-ci illərə aid İrəvan şəhərinin planı deyilənləri bir daha sübut edir. Təpəbaşı hissəsində mövcud olan küçə adları XX əsrin əvvəllərində də Azərbaycan dilində adlandırılırdı. Bütün bunları dövrün arxiv sənədləri də təsdiqləyir. XIX əsr boyunca ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsinə baxmayaraq, İrəvan şəhərinin əhalisinin etnik tərkibində yenə də azərbaycanlıların üstünlük təşkil etdiyi aydın görünür.
Müraciətdə bildirilir ki, vaxtilə azərbaycanlılardan ibarət olan bu məhəllənin etnik tərkibi tarixin üç mərhələsində (1918-1920-ci, 1948-1953-cü, 1988-ci illər) süni şəkildə dəyişdirilib və bu gün ermənilərdən ibarət monoetnik məhəlləyə çevrilib. Burada yaşayan insanlar özlərini yerli irəvanlı adlandırsalar da, onların çox kiçik bir qismi daha öncədən bu ərazidə yaşadığına dair sübutlar gətirə bilir. Lakin burada yaşayanların böyük hissəsi 1920-ci illərdə hələ İrəvan adlandırılan şəhərə qonşu dövlətlərdən köçürülən ermənilərdən ibarətdir. Həm Ermənistan, həm də Azərbaycan arxivlərində bunu sübut edən minlərlə sənəd saxlanılmaqdadır.
Ermənistan dövləti Təpəbaşıda yerləşən Hacı İmamverdi (Təpəbaşı) məscidinin tarixini saxtalaşdıraraq fars məscidi kimi dövlət qeydiyyatına alsa da, abidənin qorunması ilə bağlı heç bir tədbir görülmür və onun uçulub dağılmasına şərait yaradılır.
Müraciətdə o da xatırladılır ki, 2022-ci il 4 fevral tarixində Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurası rəhbərinin videoformatda görüşünün nəticəsi olaraq UNESCO-nun Ermənistana və Azərbaycana missiyalarının həyata keçirilməsi planlaşdırılıb: “Biz UNESCO-ya müraciət edərək xahiş edirik ki, səfər zamanı öz üzərinə öhdəlik götürən Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Təpəbaşı məhəlləsi də missiyanın gedəcəyi ünvanlardan biri olsun. Ümid edirik ki, UNESCO-nun missiyasının fəaliyyətinə Ermənistanda maneə törədilməyəcək”.
Müraciətdə UNESCO rəhbərindən bəşəriyyətin maddi-mədəni irsinin tərkib hissəsi olan İrəvan şəhərinin Təpəbaşı hissəsində tarixən azərbaycanlılara məxsus olmuş məhəllə sisteminin və bu məhəllələrdə mövcud olan abidələrin dağılmasının qarşısının alınmasında və onların xüsusi qorunma altına alınmasına kömək etmək xahiş olunur.