Tarix Muzeyinin fondlarında saxlanılır
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda XVIII-XIX əsrin birinci rübündə Azərbaycan xanlarının hakimiyyət rəmzləri (şəxsi ştandart, tuğ, buncuq, şeşpər, toppuz) qorunur. Təqdim olunan şeşpər Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin (1763–1806) hakimiyyət rəmzi hesab olunub.
Bu barədə muzeydən məlumat verilib. Qeyd edilib ki, şeşpər 1806-cı ildə İbrahimxəlil xanın qətli zamanı rus qoşunları tərəfindən ələ keçirilib. 1913-1917-ci illərdə Tiflisdəki Qafqaz Hərbi-Tarix Muzeyində nümayiş olunub, 1928-ci ildə Azərbaycana qaytarılıb. Poladdan olan şeşpər bütövlükdə qızıl işləmələrlə, nəbati ornamentlərlə bəzədilib.
Şeşpər Qarabağ və Şuşa şəhərinin tarixinə dair sərgidə ziyarətçilər üçün nümayiş olunur.
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda isə Gəncə xanı Cavad xana (1786-1804) məxsus qəlyan çubuğu qorunur.
Muzeydən bildirilib ki, qəlyan çubuğu xüsusi sifarişlə Şamaxı sənətkarları tərəfindən hazırlanıb. Üzərində müxtəlif rəngli muncuqlarla həndəsi zolaqlar, buta təsvirləri işlənib. Mərkəzində isə xanın mərhum oğlanlarının təsvirləri salınıb. Fərqli rəngli muncuqlardan istifadə çubuğa xüsusi estetik görünüş bəxş edib.
Fondun kolleksiyasını zənginləşdirən çubuq 1941-ci ildə muzeyə verilib.