Ən azı 200 baş qoyunu və 40 arı ailəsi olanlar üçün

 

İşğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçü başa çatmaq üzrədir.

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, köç prosesi müvafiq dövlət qurumları ilə razılaşdırılmış vahid reqlament əsasında həyata keçirilir. Reqlamentə əsasən, azad edilmiş bölgələrdən olan, təsərrüfatında ən azı 200 baş xırdabuynuzlu heyvan və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş 40 arı ailəsi olan fermer mövsüm dövründə öz təsərrüfatını azad olunmuş ərazilərdəki yaylaqlara köçürmək üçün elektron müraciət edə bilər. Yaylaqlara təsərrüfatdakı xırdabuynuzlu heyvanların 10 faizi həcmində iribuynuzlu heyvan aparmağa da icazə verilib. Təsərrüfatın rəhbəri özü ilə şəxsi seçimi əsasında müəyyən etdiyi 9 köməkçi aparmaq hüququna malikdir.

Köçdən əvvəl müraciətləri təsdiqlənmiş fermerlərə ANAMA-nın Göygöldə yerləşən Təlim Mərkəzində müvafiq təhlükəsizlik və davranış qaydaları ilə bağlı təlim keçirilib. Azad olunmuş ərazilərdə təhlükəsizlik qaydaları ilə tanış olduqlarına dair sertifikat almış fermerlərə öz təsərrüfatlarını müəyyən olunmuş müddət ərzində yaylaqlara köçürməyə icazə verilib.

Yaylaqlara köçlə bağlı elektron müraciət üçün iki ay vaxt ayrılıb, müraciətlərin təsdiqlənməsi və adların portala daxil edilməsi müddəti iyun ayının əvvəllərində başa çatıb.

İyulun 1-dək azad Kəlbəcər və Laçın yaylaqlarına 940 qoyunçuluq təsərrüfatı köç edib. Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarındakı yaylaqlara 1101 arıçı tərəfindən 61 mindən çox arı ailəsi aparılıb. Ümumilikdə 2022-ci il yaylaq mövsümündə 17406 şəxsin fermer təsərrüfatlarının tərkibində azad olunmuş ərazilərdəki yaylaqlara getməsinə icazə verilib. Yaylaq mövsümü sentyabrın əvvəllərində başa çatacaq.