İyulun 3-dən 10-dək Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Premyeraların paradı” festivalı keçirilir. Festival çərçivəsində teatrın repertuarına yeni daxil edilən 7 tamaşanın nümayişi nəzərdə tutulur.
İyulun 5-də isə teatrda “Premyeralar paradı” festivalı çərçivəsində “Məchul pilləkən” balet-tamaşasının premyerası olub.
Ölkənin tanınmış balet artistləri, teatr xadimləri, incəsənət ustalarının izlədiyi tamaşa anşlaqla keçib. Narkomaniyaya qarşı bir təbliğat vasitəsi kimi nəzərdə tutulan səhnə əsərinin süjet xətti, bədii tərtibatı tamaşaçılarda maraq doğurub.
Tamaşanın quruluşçu baletmeysteri, həm də baş rolun ifaçısı gənc balet artisti Məhəmməd Abdullayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Vüsal Rəhimdir.
Tamaşada əsas qadın rolunu Əməkdar artist Viktoriya Şahmuradova, solo partiyaları Məhəmməd Abdullayev və Roman Krasnov ifa ediblər.
Kütləvi səhnələrdə teatrın balet truppasının digər üzvləri Aynurə Əsgərova, Rəbiyyə Əliyeva, Röya Mehrəlizadə, Elvira Əzizova, Anna Cabbarova, İlona Sementsova, Aygül Həsənova, İranə Kərimova, Kamran Həsənov və Yaqub Bəhramov oynayıblar.
Musiqi tərtibatında xarici bəstəkarların əsərlərindən, eyni zamanda Əməkdar artist Sevda Ələkbərzadənin ifasından istifadə edilib.