Şeyxülislam Allahşükür Paşazadə Azərbaycandakı etnik və dini müxtəliflik haqqında danışıb

 

İyulun 6-da Londonda din və etiqad azadlığı üzrə beynəlxalq konfrans keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Böyük Britaniyanın Cənubi və  Mərkəzi Asiya, Şimali Afrika regionları üzrə dövlət naziri (Xarici İşlər Nazirliyi sistemində nazir müavini postuna bərabər  vəzifə) Tariq Əhmədin dəvəti ilə konfransda iştirak edib.

Dünyanın hər yerindən 700-dən çox qonağın qatıldığı konfransın açılış mərasimində Uels şahzadəsi Çarlzın və Baş nazir Boris Consonun videomüraciətləri səsləndirilib.

Tədbirdə Britaniyanın xarici işlər naziri Liz Trass və lord Tariq Əhməd çıxış edərək din azadlığının əhəmiyyəti və antisemitizm, islamofobiya, induofobiya, xristianofobiya kimi meyillərin artmağa doğru getdiyini bildiriblər. Vurğulanıb ki, nifrətə çağırışlar toqquşmalara və soyqırımlarına gətirib çıxarır.

Konfransdan sonra şeyxülislam Allahşükür Paşazadə Böyük Britaniya Baş nazirinin rəsmi iqamətgahında (Dauninq Strit 10) məhdud sayda qonağın iştirak etdiyi rəsmi qəbulda olub.

Şeyxülislam Anqlikan kilsəsinin rəhbəri arxiyepiskop Castin Velbi ilə də görüşüb. Castin Velbi şeyxülislam Allahşükür Paşazadəni gördüyünə şad olduğunu bildirib. Qafqaz Müsəlmanları İdarəsinin sədri onu Azərbaycana dəvət edib.

Daha sonra şeyxülislam dövlət naziri, Vimbeldon lordu Tariq Əhməd ilə görüşüb. Allahşükür Paşazadə konfransa dəvətə görə Tariq Əhmədə təşəkkür edib, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını ona çatdırıb. Dövlət naziri Tariq Əhməd Azərbaycan Prezidenti İlham Əliyevin apardığı din-dövlət siyasətini, Azərbaycanın uğurlarını yüksək qiymətləndirdiyini qeyd edib. O, Allahşükür Paşazadə kimi dünya miqyasında dinlərarası dialoq sahəsində xidmətləri olan şəxsin konfransda iştirakının tədbirə dəyər qatdığını qeyd edib. Qafqaz Müsəlmanları İdarəsinin sədri lord Tariq Əhmədi Azərbaycana dəvət edib.

QMİ sədri Britaniya Lordlar Palatasının üzvü, Koventri yepiskopu Kristofer Koksvört ilə də görüşüb.

Görüşdə şeyxülislam Allahşükür Paşazadə 44 günlük Vətən müharibəsi haqqında məlumat verib, otuz il işğal altında qalan Azərbaycan torpaqlarının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən azad olunduğunu bildirib.

Qeyd edib ki, işğal dövründə Ermənistan Azərbaycana məxsus İslam abidələrini ya tamamilə məhv edib, ya təhqir edib, ya da mənşəyini saxtalaşdırıb, məscidlər, qəbiristanlıqlar vandalizmə məruz qalıb. Bunun əksinə olaraq, Bakının mərkəzində erməni kilsəsi qorunub saxlanılıb. İşğaldan azad olunmuş ərazilərdə rus pravoslav və qədim alban kilsələrinin mənşəyi qəsdən saxtalaşdırılaraq qriqoryanlaşdırılıb.

Vurğulanıb ki, Azərbaycanda etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Qarabağ torpaqlarında bütün dini məbədlər bərpa edilir, yenidən qurulur. Bölgəmizin ümumi sabitliyi və tərəqqisi üçün Azərbaycan və erməni xalqlarının sülh içində yanaşı yaşaması zəruridir. Bu gün Azərbaycanın sülhə çağırışlar etdiyi halda, qarşı tərəf revanşizmə yönəlir.

Şeyxülislam konfransda iştirak edən Britaniya yəhudi icmasının baş ravvini Efraim Mirvis, BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anhel Moratinos, Simon Vizental Mərkəzinin rəhbəri Abraham Kuper və bir sıra ölkələrin nazirləri ilə də görüşüb.