Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Orta ixtisas musiqi məktəb-studiyası növbəti dəfə beynəlxalq festival-müsabiqəyə ev sahibliyi etdi. Məktəb-studiyanın yaradıcısı və direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidovun rəhbərliyi ilə respublikamızda ilk dəfə “Musiqiçilərin pedaqoji ustalığı” festival-müsabiqəsi gerçəkləşdi.

Təhsil Nazirliyinin və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə reallaşan layihə Bakı Musiqi Akademiyasının 100 illik və BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının 40 illik yubileylərinə həsr olunmuşdu. Festivalın təşkilat komitəsinin və münsiflər heyətinin sədri BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli idi.

2022-ci il 1- 30 iyun tarixində keçirilən festival-müsabiqə genişformatlı bir layihədir. Burada fortepiano, simli, nəfəs alətləri üzrə açıq dərslər təqdim olunmuşdur. Eyni zamanda nəzəri fənlərdən ibarət (solfecio, musiqi ədəbiyyatı, musiqinin elementar nəzəriyyəsi) açıq dərslər göstərilərək, yüksəkixtisaslı münsiflərin ixtiyarına verilmişdir. Açıq dərslər "Youtube" saytında yerləşdirilmiş 30 dəqiqəlik videoyazıdan ibarət idi.

Layihə həm festival, həm də müsabiqə formatında keçirildi. Festivalda – iş stajından və mövcud ixtisas kateqoriyasından asılı olmayaraq, yaş məhdudiyyəti nəzərə alınmadan, müsabiqədə isə 50 yaşa qədər müəllimlər iştirak edirdilər.

İlk olaraq qeyd etməliyik ki, bu festival-müsabiqə yerli və xarici professor-müəllim heyətinin böyük əməyi nəticəsində ərsəyə gəlmişdir. Festival-müsabiqədə təqdim olunan açıq dərs və məruzələr BMA-nın, Milli Konservatoriyanın, APİ-nin professor və müəllim heyəti, həmçinin xarici peşəkar musiqiçilər tərəfindən qiymətləndirilirdi. İştirakçılar artıq püxtələşmiş, seçdikləri sahə üzrə öz sözlərini demiş pedaqoqlar idi. Ustad dərslər nümayiş etdirmiş müəllimlər arasında “Vokal” nominasiyası üzrə Xalq artisti, professor Xuraman Qasımova, “Fortepiano” nominasiyası üzrə hazırda xaricdə fəaliyyət göstərən həmyerlilərmiz Namiq Sultanov (ABŞ) və pianoçu Samir Mirzəyev (Türkiyə), “Musiqi ədəbiyyatı” nominasiyası üzrə G.Şaroyev adına 35 saylı Musiqi məktəbinin müəllimi Nüşabə Quliyeva, “Musiqi metodikası” nominasiyası üzrə Anna Smexova (Ukrayna), “Nəfəs alətləri” nominasiyası üzrə Lidiya Fomenko (Başqırdıstan), “Yüksək pedaqoji ustalığı” diplomu ilə təltif olunmuşlar. Gənc müəllimlərimiz onların sərgilədikləri, nümunəvi tədris prosesindən bəhrələnməli və gələcək fəaliyyətlərində bu kimi dərslərin tətbiqinə çalışmalıdırlar.

Festivalda diplomant adına layiq görülmüş müəllimlər arasında “Musiqi nəzəriyyəsi” nominasiyası üzrə BMA-nın elmi işçisi İmina Əliyeva, Liliya Kuznetsova (Qazaxıstan), “Fortepiano” nominasiyası üzrə G.Şaroyev adına 35 saylı Musiqi məktəbinin müəllimi Kamilla Əmirova, BMA-nın müəllimləri Lalə Atakişiyeva və Yuliya Kərimova, “Musiqi metodikası” nominasiyası üzrə professorlar Tamilla Kəngərlinskaya (BMA), Adilə Mailova (BMA) və Minarə Dadaşovanın (ADPU) adlarını vurğulamalıyıq.

Nəzəri fənlər üzrə münsiflər heyətinin üzvləri BMA-nın professorları Gülzar Mahmudova, Könül Nəsirova, Zümrüd Dadaşzadə, musiqişünaslar – Tahirə Kərimova (Türkiyə), Raya Abbasova, Vera Voyxanskaya (İsrail), Anton Somov (Qazaxstan) və məktəb-studiyanın müəllimi, musiqişünas Rəna Məmmədova olmuşlar.

“Musiqi ədəbiyyatı” nominasiyası üzrə laureat adına layiq görülmüş iştirakçılar arasında Mariya İqnatenko (Qazaxıstan) bir neçə maraqlı mövzusu ilə müsabiqəyə qatılmışdı. İştirakçının seçdiyi mövzular arasında Sergey Dyagilevin yaradıcılığından geniş bəhs olunur. Münsiflərdən professor Zümrüd Dadaşzadə öz qısa şərhində Dyagilev festivalının tamaşaları haqqında ətraflı məlumatı yüksək qiymətləndirmişdir. Qazaxıstanlı iştirakçı həmçinin Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin yaradıcılığına müraciət etmişdi. Doğma diyarımızın musiqi mədəniyyətinin xarici ölkələrdə araşdırılıb öyrənilməsi bizi çox fərəhləndirir.

Laureat adına layiq görülmüş digər iştirakçı BMA-nın müəllimi Leyla Zöhrabova olmuşdur. Onun müraciət etdiyi mövzuda Azərbaycan xalq rəqslərinin tarixi inkişafı və milli xüsusiyyətlərindən bəhs olunurdu. Həmin açıq dərsdə tələbələr Azərbaycan xalq rəqslərimizin gözəlliyinə, ecazkarlığına bir daha şahid oldular. 

BMA-nın məktəb-studiyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova Azərbaycan bəstəkarlıq məktəbinin inkişafına öz töhfələrini vermiş sənətkarların – Üzeyir Hacıbəyli, Arif Məlikov, Aqşin Əlizadə, Xəyyam Mirzəzadə, İsmayıl Hacıbəyov, Ramiz Mirişlinin həyat və yaradıcılıqlarına aid silsilə videoyazılar təqdim etmişdir. Bu məruzələrin hər birində maraqlı məqamlar əks olunurdu. Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası haqqında həmin videoyazı Üzeyir bəyin Ev-Muzeyində çəkilmişdir. Sözsüz ki, “Arşın mal alan” mövzusunun həmin məkanda təqdim olunması şagird və tələbələrin yaddaşlarında daha yaxşı həkk olunmasına kömək edirdi.

Zəngin musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Azərbaycan estrada musiqisinin banisi, SSRİ Xalq artisti, bəstəkar Rauf Hacıyevin həyat və yaradıcılığı haqqında BMA-nın məktəb-studiyasının müəllimi Şəfəq Hacıyeva geniş məruzə təqdim edərək laureat adına layiq görülmüşdür. Bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin tərəqqisi yolunda gördüyü işlər, bəstələdiyi bir-birindən gözəl əsərlər videoyazıda ətraflı şəkildə öz əksini taparaq, münsiflər heyətinin marağına səbəb olmuşdur.

Laureat adına layiq görülmüş Ayşa Nadırbekova (Qazaxıstan) geniş kütləyə az məlum olan “Krossover” musiqili cərəyanından bəhs etmiş və burada bir neçə üslubun birləşməsindən söhbət açmışdır. O, çıxışında dünya şöhrətli müğənni, “Queen” rok-qrupunun ifaçısı Freddi Merkyuri və ispan əsilli, tanınmış opera müğənnisi Monserrat Kabalyenin birgə ifalarını, eləcə də əfsanəvi “üçlük” – Luçiano Pavarotti, Placido Dominqo və Xose Karrerasın vəhdət təşkil edən çıxışlarını bir nümunə kimi göstərmişdir.

“Musiqi ədəbiyyatı” nominasiyası üzrə diplomant adını almış bir çox iştirakçılar arasında yerli iştirakçılarla yanaşı digər ölkələrin nümayəndələri də vardı. Bakı şəhəri 4 saylı İncəsənət məktəbinin müəllimi Nuridə Həşimova “Asəf Zeynallının həyat və yaradıcılığı”, Ş.Ələkbərova adına 20 saylı Musiqi məktəbinin müəllimi Lalə Cəfərova “Səid Rüstəmovun həyat və yaradıcılıq yolu”, qazaxıstanlı iştirakçılar – Yıldız Jumaş “Anri Vyotanın həyat və yaradıcılığı”, Olqa Şerer və Asel Mukuşeva isə birgə hazırladıqları “Skandinaviyanın müasir musiqisi” adlı mövzuları ilə bu müsabiqədə çıxış etmişdilər.

Təqdirəlayiq açıq dərslərdən biri də, P.Çaykovski adına Musiqi kollecinin müəllimi Anton Somovun “Musiqi dərslərində emosional intellektin inkişafına” dair mühazirəsi olmuşdur. Münsiflər heyəti tərəfindən yekdil qərara əsasən o, “Musiqi psixologiyası” nominasiyası üzrə laureat adına layiq görülmüşdür.

“Solfecio və musiqi nəzəriyyəsi” nominasiyası üzrə 5 laureat və 9 diplomant olmuşdur. Laureatlar – C.Hacıyev adına 3 saylı onbirillik Musiqi məktəbinin müəllimi Çiçək Talıbova, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi Fəriqə Məmmədzadə, BMA-nın məktəb-studiyasının müəllimləri – Aytən İbrahimova və Şəfəq Hacıyeva, Xırdalan Musiqi məktəbinin müəllimi Sevinc İbrahimova idi.

Çox sevindirici haldır ki, müsabiqəyə Azərbaycanın bir çox şəhər və rayonlarından iştirakçılar qatılmışdı. Onlardan Sumqayıt, Ağdam, Quba, Qusar, Şirvan, Şamaxı, Lənkəran, Şəki, Mingəçevir, Saatlı, Yevlax, Cəbrayıl, Qobustan, Xırdalan, Göyçay, Gəncə, Qax kimi şəhər və rayonların adlarını çəkə bilərik. Həmin iştirakçılar arasında müxtəlif nominasiyalar üzrə laureat və diplomant adına layiq görülənlər oldu.

Qusar rayonu UİM-nin müəllimi Viktoriya Bayramova “Fortepiano” nominasiyası üzrə laureat adını qazanmışdır. “Musiqi ədəbiyyatı” nominasiyası üzrə Şəki şəhəri 4 saylı Musiqi məktəbinin müəllimi Nigar Abdulqədirova “Asəf Zeynallının həyat və yaradıcılığı” haqqında bəhs etmişdir. Digər diplomantlar – Qobustan, Quba, Şəki, Mingəçevirdən olan 5 iştirakçı “Solfecio və musiqi nəzəriyyəsi” nominasiyası, Şamaxı və Gəncə şəhərlərindən 2 iştirakçı “Simli alətlər” nominasıyası, Göyçay, Yevlax, Mingəçevirdən isə 4 nəfər “Xalq çalğı alətləri” nominasiyası üzrə diploma layiq görülmüşlər.

Müsabiqə nəticələrindən məlum olmuşdur ki, Azərbaycanın regionlarından iştirak edənlər arasında, ələlxüsus da “Fortepiano” nominasiyası üzrə yüksək nailiyyət qazanmış musiqiçilər az sayda idi. Bu məqam əlbəttə ki, bizi düşündürməlidir və bu xoşagəlməz halın aradan qaldırılması istiqamətində təxirəsalınmaz işlər görülməlidir. BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli qaliblərin təltif edilmə tədbirində bu problemin həlli yolları haqqında söhbət açaraq, BMA-nın müəllim və professorlarının regionlarımızla sıx əməkdaşlıq etməsi haqqında öz tövsiyələrini verdi. Həmçinin o, çıxışında klassik musiqinin, istər Azərbaycan, istərsə də xarici olsun, regionlarda geniş təbliğ və düzgün tədris edilməsinin zəruriliyini vurğuladı.

Festival-müsabiqədə ifaçılıq sənətinə aid açıq dərslərin videoyazıları geniş yer almışdı. Bu müsabiqənin keçirilməsi Azərbaycan ifaçılıq məktəbinin inkişafının qiymətləndirilməsinə, əyani şəkildə müəyyən təsəvvürün formalaşmasına çox böyük təkan vermişdir. İfaçılıq sənəti üzrə (fortepiano, nəfəs, simli, xalq çalğı alətləri və solo oxuma) festival-müsabiqədə cəmi 63 iştirakçı çıxış edirdi.

Münsiflər heyətinin üzvləri BMA-nın prorektorları – professorlar Nərminə Quliyeva, Yeganə Axundova, dekanlar – Nəzakət Rimazi, Nəzmiyyə Abbaszadə, Xalq artistləri Ramiz Quliyev, Xuraman Qasımova, BMA-nın müəllimləri Gülnarə Acalova, Afaq Rüstəmova, Elnarə Məmmədova, Aqil Qafulov, Gülbacı İmanova, Yusif Axundzadə, ADPU-nun müəllimi Minarə Dadaşova, məktəb-studiyanın müəllimləri Ayşa Əliyeva, Ofeliya Axundova, Gülnarə Quliyeva, Milli Konservatoriyanın müəllimi Elşən Mansurov, eləcə Mariya Kurqanova (Rusiya), Tatyana Svitova (Rusiya), Pərvin Muradova (ABŞ), Namiq Sultanov (ABŞ) Lidiya Fomenko (Başqırdıstan), Qüdrət Həsənzadə (Türkiyə) idi.

“Fortepiano” nominasiyası üzrə laureat adına layiq görülənlər: Yuliya Bulqakova (Rusiya) “Çerninin etüdləri misalında fortepiano texnikası üzərində iş” adlı mövzusunu özünəməxsus metodikasıyla sərgiləmişdir. BMA-nın məktəb-studiyasının müəllimi – Nuranə Zeynalova “Azərbaycan fortepiano ifaçılığı metodikasında milli məqamlarla bağlı yeni meyarlar” mövzusunu təqdim edərək, bu gün ən vacib sayılan Azərbaycan məqamlarının tədrisi və öyrənilməsi məsələsinə toxunmuşdur və bir çox məsələlərə aydınlıq gətirməyi bacarmışdır. Digər laureatlar – Yuri Sayutkin (Türkiyə), Viktoriya Bayramova (Qusar), BMA-nın müəllimi Nigar Məlikova açıq dərsləri ilə fərqləndilər.   Diplomantlar arasında müsabiqəyə xüsusi diqqətlə yanaşan BMA-nın tələbələri də vardı. Onlardan Nüşabə Hacıyevanın təqdim etdiyi açıq dərsdə Baxın C-dur prelüd və fuqası (I cild) obraz və texniki cəhətdən geniş təhlil olunmuş və şagirdin diqqətinə çatdırılmışdır.

***

İyulun 6-da BMA-nın Böyük zalında keçirilən təntənəli tədbirdə rektor Fərhad Bədəlbəyli laureat və diplomantları təbrik etdi və layihə ilə bağlı fikirlərini bölüşdü.

BMA-nın professorları Zümrüd Dadaşzadə, Elnarə Dadaşova, Milli Konservatoriyanın nəzdində Musiqi kollecinin müəllimi, musiqişünas Raya Abbasova çıxış edərək açıq dərslər barədə ətraflı məlumat verdilər. Onlar bütün iştirakçılara gələcək fəaliyyətlərində daha çox müasir dövrə uyğun metodik xüsusiyyət və üsullardan bəhrələnmələrini, eyni zamanda dahi Üzeyir bəyin bizə əmanət etdiyi Azərbaycan musiqisinin özəyi – məqam əsaslarının dərindən öyrənilməsini və şagirdlərə, tələbələrə aydın şəkildə ötürülməsini tövsiyə etdilər.

Nəticə olaraq qeyd etməliyik ki, Tərlan Seyidovun müəllifliyi ilə həyata keçirilən “Musiqiçilərin pedaqoji ustalığı” Beynəlxalq festival-müsabiqəsi Azərbaycan musiqi pedaqogikasının inkişafı yolunda atılan əhəmiyyətli addımlardan biridir və münsiflərin də vurğuladıqları kimi, bu layihənin davamlı olması zəruridir.

 

Şəfəq Hacıyeva
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının böyük elmi işçisi