Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, professor  Çingiz Fərzəliyev Özbəkistan Rəssamlıq Akademiyası tərəfindən “Fəxri akademik” diplomu ilə təltif edilib.

Tədbirdə Özbəkistanın tanınmış rəssamları, incəsənət xadimləri, ziyalılar, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.

Mərasimi Özbəkistan Rəssamlıq Akademiyasının sədri Akmal Nuriddinov açaraq professor Çingiz Fərzəliyev haqqında iştirakçılara məlumat verib. Azərbaycanın Tahir Salahov, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov kimi məşhur rəssamların vətəni olduğunu deyən Akmal Nuriddinov ölkələrimiz arasında,  mədəniyyətin digər sahələri kimi, təsviri sənət sahəsində də əməkdaşlığı inkişaf etdirmək istədiklərini bildirib.

Sonra Çingiz Fərzəliyevin yaradıcılığından, fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Özbəkistan Rəssamlıq Akademiyasının akademiki Cavlon Umarbekov, Özbəkistan Rəssamlar İttifaqının sədri İbroxim Valixodjayev çıxış edərək qonağa  təbriklərini çatdırıb, Özbəkistan və Azərbaycan rəssamları arasında dostluq əlaqələrindən söz açıblar.

Sənətşünaslıq doktoru Kamola Akilova Azərbaycan Milli İncəsənət Muzeyi, ölkəmizin zəngin incəsənəti və təsviri sənət irsi haqqında danışıb.

Heydər Əliyev adına AMM-in direktor müavini Nadir Əlimirzəyev qardaş Özbəkistanda  Azərbaycanın sənət adamlarına yüksək dəyər verilməsindən qürur hissi duyduğunu bildirib.

Çingiz Fərzəliyev dəvətə və təltifə görə Özbəkistan Rəssamlıq Akademiyasına minnətdarlığını bildirib, ölkələrimiz arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın daha səmərəli olacağına inandığını vurğulayıb.

Mərasimdən sonra yerli telekanallara müsahibə verən Milli İncəsənət Muzeyinin direktoru özbək xalqına ən xoş arzularını çatdırıb.