Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Bir nəfəs qədər” tamaşasının növbəti nümayişini Vətən uğrunda canlarından keçən qəhrəmanların ailə üzvləri, şəhid anaları da izləyiblər.

Şəhid anaları “Fire Land Production”ın rəhbəri Cəlal Qurbanovun təşkilatçılığı ilə həyata keçirilən “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində Akademik Musiqili Teatrda olublar.

Müəllifi və quruluşçu rejissoru Samir Qulamov olan “Bir nəfəs qədər” tamaşası qürur mənbəyimiz olan şəhid və qazilərə, Zəfərimizin əsas simasına çevrilən şəhid analarına həsr olunub.

Tamaşanın sonunda şəhid anaları səhnəyə dəvət olunublar. Çıxış edən şəhid anaları tamaşanın olduqca təbii alındığını vurğulayaraq, quruluşçu rejissor, aktyor heyəti, xüsusilə də şəhid anası obrazının ifaçısına minnətdarlıqlarını bildiriblər.

Şəhid analarının çıxışları və aktyorların ifasında səsləndirilən “Xudayar təsnifi” tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.

Səhnə əsərinin sayca 10-cu nümayişində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Səmədzadə Xasıyev, Ofeliya Məmmədova, Hidayət Əliyev, Əli Kərimov  və Murad Əliyev iştirak ediblər.

Fikrət Əmirovun musiqiləri əsasında hazırlanan tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanlı, quruluşçu rəssamı Vüsal  Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur. Əsərdə Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunub.